Region gəncləri səsvermə hüququ ilə bağlı maariflənməyə davam edir

Region gəncləri səsvermə hüququ ilə bağlı maariflənməyə davam edir
Bölgələrə səyyar avtobuslar vasitəsi ilə  səfər edən seçki könüllüləri rayonlarda yaşayan gənclərimizi maarifləndirməyə davam edir. 10 yanvar tarixində Astara, Şəki və Ordubada səfər edərək gedilən rayonların sayını 17-yə çatdıran könüllülər gənclərə, xüsusən də 18 yaşına çatmış və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq ilk dəfə səsvermə hüququna sahib olan ölkə vətəndaşlarına seçki proseslərində iştirak, seçki sistemi, seçicinin hüquq və vəzifələri və fəal şəkildə səsvermə hüququndan istifadənin önəmi barədə infosessiyalar, təlimlər keçiblər. Rayon və kəndlərdə yaşayan ölkə gənclərini fəal şəkildə səsvermə hüququndan  istifadə etməyə və 7 fevral tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində iştiraka çağırış  ediblər.
Səs ver, Gələcəyini qoru! şüarı ilə rayonlara yola düşən seçki könüllüləri  qurulan platformalarda region gənclərini maarifləndirməklə yanaşı əyləncəli  oyunlarda da iştirakını təmin edərək asudə vaxtın səmərəli təşkilinə də töhfə veriblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə icra edilən səyyar görüşlər ötən ilin 28 dekabr tarixindən başlayaraq Şirvan, Sabirabad, Şamaxı, Ağdaş, Ağcabədi, Mingəçevir, Gəncə, Cəlilabad, Naxçıvan, Masallı, Goranboy, Şərur, Qazax və Lənkəranda təşkil edilib.
 






 

Xəbər lenti