4 fəsil dəniz mövsümü olan şimal adası

4 fəsil dəniz mövsümü olan şimal adası
Gözəl antik limanları, əfsanəvi beşmarmaq dağları, dənizinin şəffaf suyu, qızıl dəyərində qumu və D vitamini deposu günəş vannası… Hətta Mart ayında (elə bizim kimi) Şimali Kiprə (Kuzey Kıprıs) gəlmisinizsə dəniz geyimlərinizi mütləq üzərinizdə götürün. Aralıq dənizi iqlimi əminliyə əsas verir. Paytaxt Lefkoşada hərarət cəmi +18 olsa da hovuza baş vurub özüm üçün mövsümü açıq elan etdim. Yay aylarında isə burda havanın hərarətininn yüksəkliyi səbəbindən bəzən nahardan sonra işlər dayandırılır, ictimai xarakterli obyektlər belə bağlanır.      

Təbiət, Mədəniyyət, Tarix… 

Siciliya və Sardiniydan sonra Aralıq dənizinin 3-cü böyük adasıdır Kuzey Kıprıs… Əsrlərə şahidlik edən tarixi məkanları, Roma, Osmanlı imperiyalarının əsrarəngiz izləri, qalaları, muzeyləri, qədim evləri, nüfuzlu ali təhsil müəssisələri, fərqli hotel və əyləncə mərkəzləri, kazinoları, infrastruktur, ləziz yeməkləri bir yana, hər addımında portağal, naringi, həmişəyaşıl ağacları və s gözəllikləri ilə şübhəsiz cənnət adlanıdırıla biləcək bir yurd. Eşq və gözəllik tanrısı Afroditanın doğulduğu məkan,  sanki məhz turizim üçün yaradılmış qeyri-adi bir ada. Təsadüfi deyil ki, Şimali Kipr Türk Cümhuriyyətini "Yavru Vətən”lə yanaşı  "Yaşıl ada” və ya "Cənnət adası” kimi də adlandırırlar. Uzun müddət adada hakim olan ingilislərin də izləri aşkar müşahidə edilir. Elə ilk diqqətçəkən məqam isə yollardadır. Burada alışdığımızdan fərqli olaraq hərəkət soldandır. Sükan isə avtomobilin sağında. Ona görə də 20 ilə yaxın sürücülük təcrübəm olsa da sükan arxasına keçməyə cəhd belə eləmədim. Əmlak alqı-satqısında isə hələ də ingilis funt sterlinqindən istifadə edilir. Hətta ev kirayələri belə əsasən sterlinqlə qəbul edilir.   

Şekspir və Akdeniz akşamları…  

Şekspirin məşhur əsərlərindən birini yazarkən kimdən təsirləndiyini öyrənəcəyinizə, məşhur mahnıda deyildiyi kimi Akdeniz akşamlarının gözəlliyini ruhunuzla duyacağınıza zəmanət verən bir torpaqdır Kuzey Kıprıs. Bütün bu anları cəmi bir dəfə yaşamaq kifayətdir ki, ömür boyu yaddaşınızdan silinməsin. Elə bu səbəbdəndir ki, paytaxtda dünyanın hər yerindən gələn turistləri görmək mümkündür. 

Gedək, Dezdemona, gedək bir yerdə,
Bir daha xoş gördük səni Kiprdə…

Bu gün də əsərləri dünya teatrlarının repertuarından düşməyən Şekspir. Onun məşhur "Otello" faciəsində hadisələrin bir hissəsi məhz Kipr adasında baş verir və yazıçı məhz burada yerləşən Liman qalasından ilhamlanaraq tarixdə iz qoyan əsərini qələmə alıb. 

Dünyada bənzəri olmayan paytaxt şəhər…
 
Girne kapısı, Venedik sütunu, Selimiye Cami, Büyük Han, Arap Ahmet Cami və başqa onlarla mədəniyyət nümunəsi. Dünyanın iki hissəyə bölünmüş tək paytaxt şəhəridir Lefkoşa. Yunan tərəfi ilə adanı ikiyə bölən "yaşıl xətt” 1974-cü ildəki Kipr Sülh Hərəkatı nəticəsində formalaşdırılıb. Adanın 3/1-də yaşayan, sayları 350 mindən artıq olan (tələbələr, işçi qüvvəsi və s ilə bu rəqəm 1 milyona yaxındır) KKTC vətəndaşları qarşı tərəfə rahatlıqla keçə bilirlər. Türkiyə və digər ölkə vətəndaşları isə hətta Şengen vizasına sahib olsalar belə öncə Afinaya getməli və sonra adanın Yunan tərəfini ziyarət etmək imkanı əldə edə bilərlər. Həmin "yaşıl xətt”in yaxlnlığında yerləşən məhəllələr (arka sokaklar), tikililərlə tanış olduqca buranın mədəniyyətlərin beşiyi, Osmanlnın izlərini layiqincə daşıyan bir məkan olduğu fikri daha da qətiləşir. Osmanlı zamanında yunanlar və türklər bu məhəllələrdə birgə yaşayırdılar. Adada mehriban qardaşlıq münasibətləri, sülh bərqarərar idi. 

Amma Osmanlı imperiyasının gedişi ilə çox şey dəyişir. Kıprıs Türk Ticarət Odası idarə heyətinin üzvü Mustafa Ergüven deyir ki, tarixə geniş nəzər salmadan yalnız onu əminliklə demək olar ki, 1974-cü il Kipr hərəkatı olmasaydı, böyük ehtimalla Kipr, türklərin təzyiq altında yaşadığı, məhrumiyyətlərə məruz qaldığı bir yunan adasına çevriləcəkdi. Ona görə də Kiprin bərabər hüquqlara malik iki xalqından biri – türk xalqı öz dövlətini yaratdı və ada iki hissəyə bölündü.  Şərqi Aralıqda həm Şimali Kipr Türk Cümhuriyyətinin, həm də Türkiyənin sahil təhlükəsizliyi də xüsusi əhəmiyyətə malikdir.

1974-cü ildə başlanan Kipr hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi yalnız Türkiyə Respublikası tərəfindən tanınır. Rəsmi Bakının da Şimali Kiprlə münasibətləri yaxşı səviyyədədir və paytaxtımızda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. 

KKTC-nin rəsmi dili türkcə olsa da, xalqın danışdığı dil Türkiyə türkcəsindən fərqlənir. Hətta bəzi sözlər tamamilə fərqlidir. Məsəl üçün Türkiyədə diş pastasına, Kıprısda isə mürəbbəyə macun deyilir. 

Strateji əhəmiyyəti daim aktual olan paytaxt Lefkoşa ilə yanaşı Girnə, Qazimağusa da adanın gəzməli və görməli şəhərlərindəndir. 

Girnə  - Kuzey Kıprısın sadaladığımız bütün xüusiyyətlərini özündə tam əks etdirən bir məkan -  Burada əsrarəngiz Girnə qalası, gözəl Girnə limanı, dəniz səviyyəsindən 732 metr hündürlükdə yerləşən heyrətamiz Hillarion qalası, Bellapais manastırı əsrlər öncəyə "zaman maşını” olmadan da səyahət imkanı yaradır. 

Gazimağusa – bura isə sanki açıq hava altında bir muzeydir. Salamis antik şəhəri, Salamis nekropolu, Kral məzarları, Sinan paşa camisi, Venedik sarayı, Cəfər paşa hamamı, Çələbi Mehmet türbəsi, Namiq Kamal zindanı və s əhəmiyyətli tikililər tarixi tək oxumaq yox, həm də ona toxunmaq şansı yaradır. Havanın hərdən yağışlı olmasına baxmayaraq biz də bu gözəllikləri gördük və duyduq. 

 "Ruhlar şəhəri”ndə  "kədər turizmi”

Bir zamanların ən məşhur turizim məkanlarından, Hollivud ulduzlarının tərəddüdsüz seçimlərindən olan Kapalı Maraş (və ya Varoşa) isə səyahətimizin həm ən maraqlı, həm də ən kədərli hissəsi oldu. Elə Kıprıs rəhbərliyi də buranı turistlərə "dark turizm” məkanı kimi təqdim edir. "Kədər turizmi”nə ev sahibliyi edən Maraşı vaxtı ilə Aralıq dənizinin Las Veqası da adlandırırdılar. Maraş Kipr Sülh Hərəkatı zamanı Türk Silahlı Qüvvələri tərəfindən ələ keçirilib. Rəsmi Ankara dəfələrlə cəhd etsə də, Yunan tərəfinin barışmaz mövqeyi nəticəsində ərazi bağlı qalıb. Adının əvvəlinə əlavə edilən "qapalı" təyinatı nəhayət ki,  46 ildən sonra (2020-ci il) tarixə qovuşur. Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin illərlə göstərdiyi səylər nəticəsində Maraş artıq turistlərin üzünə açılıb və şəhər yenidən canlanır. 

Kıprısa 2-ci səfərimiz olsa da (ilk 2018-ci ildə), yenə də onun gözəlliklərindən, enerjisi və sehrindən doymadıq. Adada həmsöhbət olduğumuz hər kəs deyir ki, ən azı bir dəfə görmək və gəzmək kifayətdir ki, Kıprısın sehrinə düşəsən. Odur ki, Kıprıs tətili hər kəsə israrla tövsiyyə olunur. Qarşıdakı aprel, may, iyun ayları isə bunun üçün ən uyğun vaxtdır.   

Elnur Niftəliyev 
 





 
 
 

Xəbər lenti