“Belə nazir olar?” - Elşən Musayev

“Belə nazir olar?” - Elşən Musayev
Nikol Paşinyan yəqin ki, bəşər tarixinin yetişdirdiyi ən qeyri-praqmatik və ciddiyyətdən uzaq dövlət başçısıdır. Çünki hər şeyi yanlış edir. Məktəbdə asılqan qırmaqla süni xarizma formalaşdırmaq cəhdindən tutmuş, böyür-başında bir ağıllı məmur saxlamamağa qədər. 

İndi də Ədliyyə naziri Qriqor Minasyanın dilindən bəyan edib ki, Ermənistan Roma statutu vasitəsilə Azərbaycana qarşı "hərbi cinayətlərin araşdırılmasına” çalışacaq və istintaq orqanları prosesə beynəlxalq prokurorları cəlb edəcək.

Bu barədə heç anlayışı olmayanlar üçün qısa arayış verim: "Roma statutu” 1998-ci ildə İtaliyanın paytaxtında yaradılan Beynəlxalq Cinayət Məhkəməsinin Əsasnaməsidir. Məhkəmənin funksiyası isə beynəlxalq cinayətləri təqib etməkdir və onun yurisdiksiyası yalnız 1 iyul 2002-ci ildən sonra baş verən cinayətlərə şamil edilir.

İndi isə ritorikaya dövr alaq: Sülh nədir, nəyisə araşdırmaqla şantaj eləmək nədir? Və ya sülh istəyən belə sərsəm iddia ilə çıxış edərmi?

Əvvəla, Roma statutu göründüyü qədər cazibədar deyil və beynəlxalq hüquq illərlə bu "mübahisələndirmə məkanı”ndan tələ kimi  istifadə edib. Səbəb də sadədir: Beynəlxalq Cinayət Məhkəməsi iddiaçı dövlətin özünü belə nəzarətə götürmək, təqib etmək hüququna sahibdir. Və elə bu səbəbdəndir ki, Hindistan və Çin kimi dövlətlər məhkəmənin fəaliyyətində iştirak etmirlər. Amerika və Rusiya isə sonradan öz imzasını "Roma statutu”ndan geri çəkib.

Ermənistana qədər qonşu dövlətlərdən yalnız Gürcüstan statutu ratifikasiya etmişdi. Hətta bir ara Rusiyaya qarşı Abxaziya mövzusu ilə əlaqədar araşdırmalar belə aparıldı. Amma yekunda heç bir nəticə olmadı. Bilirsinizmi niyə? Çünki gedişat zamanı elə məqamlar üzə çıxdı, Rusiya 3-cü və 4-cü dövlətlərin məlum prosesdə beynəlxalq hüquqa zidd iştirakını elə faktlarla sübuta yetirdi ki, qlobal ifşadan ehtiyatlanan dünya gücləri səslərini kəsməyə məcbur qaldılar.

Hansı "cinayətləri” araşdıracaq Ermənistan? Öz törətdiyi cinayətlərimi? Lap tutaq, Xocalı soyqırımı nizamnamə tələbindən dolayı yurisdiksiyadan kənar qaldı. Bəs Gəncə terroru? Bəs qadağan olunmuş silahlar, "İskəndər”lər, bu qədər mülki əhalinin qətli?

Paşinyan hansı ağılla belə bir işə imza atır? Ermənistanın hərdəmxəyal Baş Naziri görəsən anlayırmı ki, Azərbaycan tərəfi qarşılıqlı iddia qaldırsa və əlindəki faktları təqdim etsə Ermənistan təxminən Almaniyanın yəhudi mövzusundakı taleyini yaşayacaq və bütün varlığı boyunca təzminat ödəməyə məcbur qalacaq?

Yenə Fransanın təhrikidir. Şübhəsiz. Avropa Birliyinə təsir imkanlarını hələ də saxlayan Makron düşünür ki, bu minvalla Qafqazda sabit vəziyyəti dəyişdirə, Paşinyanın əli ilə növbəti "sirk nümunələri” göstərə bilər. Hətta casus "ixrac”ı da məlum qəbildəndir və konkret missiya üçün hesablanıb. Sadəcə adam fərqində deyil ki, 30 il boyunca formalaşan İran şəbəkəsi əgər 3 günün içində tam siyahı ilə "deşifrə”olundusa, gör Fransa kimi diletantların "ağzısulu”ları neçə dəqiqə ərzində üzə çıxarılar və rüsvay edilər.

Əfqanıstan, Ukrayna nə kökə salındı. İsrail və Fələstin üzərindən yeni cəbhə açdılar. Ekvador son anda təxribatdan qurtuldu. Yəmən durduq yerdə "cəzalandırılır”. Çin abstrakt videolarla şantaj edilir. Koreyalıları vətəndaş müharibəsi ilə bir-birinə qırdırmaq istəyirlər. Kürdləri yenidən türklərin üzərinə qaldırıblar. Azərbaycana qarşı bəlli trionun namərd həmlələri ara vermir...

Sonra deyirlər, Prezident ABŞ səfirinin etimadnaməsini niyə qəbul etmir.

Etimad qoymusuz?

Səfir bizim dildə danışırmış...

Rino Harniş də bir vaxtlar azərbaycanca meyxana deyirdi. Nə olsun? Axırda məlum oldu ki, qafiyələr hansı papaqdan çıxır.

***

Hələ əsas dərd Fransanın yeni Baş Naziri ilə ixtiyari tədbirdə protokol görüşüdür. Ya da növrəstə Xarici İşlər naziri ilə.

Belə Kabinetmi olar? Belə nazirmi olar?

Cənab desən alınmır, müəllim desən düz gəlmir, bəy desən inciyər...

Gəl indi uyğun ifadə tap görüm, necə tapırsan...

P.S. Allah Ceyhun Bayramova (bəri başdan) səbr versin...

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

Xəbər lenti