Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...

Gürcüstan-Ermənistan yaxınlaşması - Zəngəzur narahatlığı, yoxsa...
Azərbaycanın nəqliyyat habına çevrilməsini rəsmi Tiflis qısqanclıqla qarşılayır; regional layihələrdən ən çox qazanan Gürcüstanın son davranışlarına münasibət birmənalı deyil; ekspertlərin fərqli baxışları

Gürcüstanın Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalaması Azərbaycanda birmənalı qarşılanmayıb. Tiflisin Azərbaycanla sülh sazişi imzalamayan, hələ də revanşist əhval-ruhiyyədə olan bir ölkə ilə strateji tərəfdaşlığa qədər getməsi istər-istəməz bəzi suallar meydana gətirir. Azərbaycanın icra etdiyi regional layihələrdən ən çox qazananın Gürcüstan olduğunu xatırladan siyasi analitiklər bildirir ki, buna rəğmən gürcü hökumətinin bu cür davranışı böyük təəssüf doğurur. Gürcüstanın son zamanlarda sərgilədiyi mövqe uzun illər Azərbaycanla davam edən ikitərəfli əlaqələrin, dostluq münasibətlərinin ruhuna zidd görünür. Bəzi siyasi ekspertlər isə hesab edir ki, 44 günlük müharibənin nəticələrindən biri kimi Zəngəzur dəhlizinin açılması məsələsinin meydana gəlməsi əslində Gürcüstanı heç də məmnun etmir. 

Ona görə də Gürcüstan Ermənistanla strateji tərəfdaşlıq sazişi imzaladı. Bundan az öncə isə AŞ PA-da Azərbaycan nümayəndə heyəti ilə bağlı məsələnin müzakirəsinə və səsverməyə qatılmadı. Bəs Tiflisin son zamanlar Azərbaycana xoş olmayan davranışlarında Zəngəzur dəhlizi məsələsində Azərbaycanın təkid etməsi amili dayana bilərmi? Tiflis bu dəhlizin açılacağı halda tranzit ölkə kimi bölgədə əhəmiyyətinin azalacağından narahat olaraq bu addımları atır, yoxsa başqa səbəblər var?
 
Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir - AZƏRTAC
 
 Elşən Musayev 

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev "Yeni Müsavat”a bildirdi ki, Azərbaycan inkişaf etdikcə, qələbələr qazandıqca, nəinki təxmin etdiklərimiz, hətta etmədiklərimiz belə bizə qarşı yanlış addımlar atır. Təəssüf ki, Gürcüstanın Ermənistanla bağladığı strateji tərəfdaşlıq haqda saziş də həmin qəbildəndir: "Zəfərin, müvəffəqiyyətin bədəli budur: hamı anındaca səni qısqanmağa başlayır, hamının əsl siması üzə çıxır, hamı özünü qəribə aparmağa başlayır. Təbii, ən yaxınlardan, sənə münasibətdə ən səmimi olanlardan başqa.

Əvvəl də Gürcüstanla bağlı oxşar mövzu ətrafında müzakirələr aparmışdıq, onları qınamışdıq, qonşuluq fəlsəfəsinə adekvat olmayan siyasət yürütdüklərini nəzərlərinə çatdırmışdıq. Ələlxüsus da Ermənistana silahların daşınmasında rol aldıqlarına görə. Düşündük, səhvlərini anlayarlar, geri dönüş edərlər, Azərbaycanın dostca, ərkyanə etdiyi tənbehlərdən nəticə çıxararlar. Amma çifayda. Nəticə çıxarmadılar. Əksinə, necə deyərlər, bir az da üstünə qoydular.

Burada əsasən xristian faktorunu qabardırlar. Mən isə məlum fikirlə, yanaşma ilə qətiyyən razı deyiləm. Çünki qonşuluq siyasətində din faktoru qabarmamalıdır, həlledici faktora çevirilməməlidir. Çünki cografi bağlılıq ömürlükdür, bunu nəzərə almaq lazımdır. Çünki həmin Gürcüstanın ən çətin günündə onun köməyinə Ermənistan ya da hansısa xristian dövləti deyil, məhz Azərbaycan çatıb. Üstəlik, bu faktı zaman-zaman Gürcüstanın siyasi elitasında qərarlaşan əksər insanlar, xüsusən də eks-prezident Mixail Saakaşvili dəfələrlə vurğulayıb. Amma demək ki, bir tək zəfərlərin, qələbələrin deyil, elə yaxşılıqların da tərs bədəli olurmuş. Ona görə də çox təəssüf.  Gürcüstan Zəngəzur dəhlizinə görə gələcəkdə transit ölkə kimi əhəmiyyətinin azalacağını düşünərək Azərbaycanın xeyrinə olmayan addımlara gedirsə, Ermənistanla strateji tərəfdaşlıq sazişi imzalayırsa, yanlış edir. 

Əlbəttə ki, proses belə davam etsə, biz də gedişata uyğun davranacağıq və milli maraqlarımıza toxunan hər kəsin cavabını layiqli şəkildə verəcəyik".   
 
Elxan Şahinoğlu:
 
 Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Gürcüstan bir dövlət olaraq hansı dövlətlərlə necə, hansı səviyyədə əməkdaşlıq edəcəyini özü müəyyənləşdirir. Ermənistanla strateji tərəfdaşlıq sazişinin Zəngəzur dəhlizi məsələsinə görə imzalanması barədə iddialar yanlışdır: "Gürcüstan hökuməti son illərdə Çinlə də əməkdaşlığı gücləndirib. Qarşılıqlı səfərlərin sayı artıb. Gürcüstan nümayəndə heyəti bir müddət əvvəl Çinə səfər edərək çinli həmkarlarıyla "Orta dəhliz" layihəsini müzakirə edib. Gürcüstan bu nəqliyyat dəhlizinin qısa müddətdə reallaşmasını istəyir. Ancaq bu layihənin reallaşması yalnız Gürcüstan hökumətinin istəyindən asılı deyil. Bu layihə bölgənin bir çox dövlətinin marağındadır. Önəmli olan Pekinin "Orta dəhliz” layihəsinin reallaşması iqtiqamətində addımların atılmasıdır. Gürcüstanın hakim "Gürcü arzusu” Partiyasının sədri və baş nazir kürsüsünə gətirilən İrakli Kobaxidze Pekindəki görüşlərində strateji tərəfdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib. Rəsmi Tiflis Çinin Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləməsindən məmnundur. Bunda qeyri-adi heç nə yoxdur. Çin Ukraynanın da ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq, Pekin Ukraynanı parçalamağa çalışan Rusiya ilə strateji tərəfdaşlığını daha da gücləndirib. Eləcə də Gürcüstan həm Azərbaycanla, həm də Ermənistanla əlaqələrini gücləndirir. 

Gürcüstanda Çinlə iqtisadi sahədə əməkdaşlıqdan narazı qalanlar da var. Müxalifət və bir qrup ekspert hesab edir ki, Gürcüstanın Çindən artan asılılığı Tiflisi Qərbdən və Avroatlantik inteqrasiyadan uzaqlaşdırır. Gürcü müxalifəti hakim partiya rəhbərliyinin Çinə səfərini də tənqid edib. Müxalifət təmsilçilərinin fikrincə, hakim "Gürcü arzusu” partiyası ölkə maraqlarından çox liderləri Bdzina İvanişvilinin maraqlarına xidmət edir. Qərbin sanksiyalarından ehtiyat edən Bdzina İvanişvilinin maliyyə resurslarının bir hissəsini Çində yerləşdirdiyinə dair xəbərlər var. 

Ermənistanla strateji tərəfdaşlıq sazişinin imzalanmasında isə hər halda, Avropa İttifaqının da istəyi öz təsirini göstərməmiş deyil". 

Xəbər lenti