Yalan və iftira ilə dolu sənəd - RAMİL HƏSƏN YAZIR

Yalan və iftira ilə dolu sənəd - RAMİL HƏSƏN YAZIR
Yalan və iftira ilə dolu sənəd 
Fransa Milli Assambleyasında Azərbaycana qarşı qəbul olunmuş qərəzli və əsassız qətnamə Senat tərəfindən 15 gün öncə qəbul olunmuş sənədin davamıdır. Əlbəttə ki, bu sənədlər tamamilə qeyri-obyektivdir, yalan və böhtan üzərində qurulub. Qətnamənin qəbul olunmasından sonra Fransa Xarici İşlər Nazirliyi açıqlama yayaraq bu sənədin hökumətin mövqeyini əks etdirmədiyini vurğulayıb. Lakin Milli Assambleyada müzakirələrdə iştirak edən Fransa hökumətinin nümayəndəsi faktiki olaraq bu qətnaməni dəstəkləyib. Bu fakt təsdiqləyir ki, Fransada Azərbaycanın hədəfə alınması dövlət səviyyəsində həyata keçirilir. Bu ölkədə erməni diasporu və lobbisi çox fəaldır və fransız parlamentarilərin onların əlində alətə çevrilib. 
Noyabrın 30-da qəbul olunmuş yalan və iftiradan ibarət olan sənəd təxribat xarakterlidir. Bu fakt onu göstərir ki, Fransa heç vaxt ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə çalışmayıb. Həmsədr kimi Fransa Ermənistana dəstək verib. 44 günlük Vətən müharibəsi dövründə isə rəsmi Paris açıq şəkildə Ermənistanı dəstəkləməklə öz iç üzünü ortaya qoymuş oldu. Nə qədər gülünc olsa da, Fransa öz torpaqlarını azad etdiyinə görə Azərbaycanı ittiham etməyə çalışırdı. Hətta qələbədən bir neçə gün sonra Fransa Senatı ölkəmizə qarşı qərəzli sənəd qəbul etmişdi. Amma ölkəmiz öz haqq yolundan dönmədi və öz gücünə torpaqlarını işğaldan azad etdi. Minsk qrupu da tarixin arxivinə göndərildi. Fransa hazırda da bu mənfi və zərərli tendensiyanı davam etdirir.
Fransa parlamentariləri 30 il ərzində erməni işğalı altında olmuş torpaqlarımızın vandalizmə məruz qaldığını unutmamalıdırlar. Bu müddətdə Ermənistan tərəfindən işğal, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdalanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır. Qətnamədə "Dağlıq Qarabağ” adlandırılan qondarma qurumla bağlı cəfəng fikirlərlə əlaqədar senatorlara bir daha xatırladırıq ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi olan Qarabağ bölgəsi Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu bölgədə yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar ölkəmizin Konstitusiyasına uyğun olaraq təmin ediləcək.
Hazırda Fransa gerçək simasını nümayiş etdirir. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senat və Milli Assambleyanın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz. Artıq Azərbaycan parlamenti bu hadisəyə münasibət bildirib. Milli Məclisin açıqlamasında bildirildiyi kimi, Fransa Senatının və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr bu ölkənin qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk. Bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və təcavüzkar separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir.
Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, komandanlığı altında öz gücü və qüvvəsi, xalqımızın milli birliyi və həmrəyliyi ilə necə ki, Vətən müharibəsində Zəfər qazandısa, əminəm ki, bundan sonrada bizə qarşı ədalətsizlik, riyakarlıq həyata keçirilən bu ikili, çoxstandartlı oyunlar oynanılan dünyada, Fransa kimi Azərbaycana qarşı iyrənc siyasət yürüdən bütün güclərə qarşı daim dəmir yumruq kimi birləşərək mübarizə meydanında qalib gələcək.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən

Xəbər lenti