Vüqar Rəhimzadə: İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir

Vüqar Rəhimzadə: İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir
"Ölkə Prezidenti İlham Əliyev 2004-cü ildən, yəni regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına başlandığı vaxtdan  bu günə qədər keçilən yolun təhlili zamanı  daim bildirir ki, bu illər ərzində dayanıqlı inkişafın təmin edilməsi üçün möhkəm baza formalaşdırıldı. Dövlət proqramlarının icrasına başlanan dövrdə Azərbaycanda vaxtilə yaradılmış infrastruktur tamamilə köhnəlmişdi. Təbii ki, belə olan halda ölkədə sənayenin, kənd təsərrüfatının dayanıqlı inkişafından söhbət gedə bilməzdi. Bu problemlər,  ilk növbədə, gələcək dayanıqlı inkişafı təmin etmək üçün əsasların, dayaqların yaradılmasını şərtləndirdi. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə   işlənib hazırlanan regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa stimul yaratdı.

Möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi ilk gündən bu məqamı da hər zaman dönə-dönə vurğulayır ki, görülən bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının yaxşı yaşaması və rifahı  üçün bütün imkanlar yaradılmalıdır. Bu prinsipləri özünün gündəlik fəaliyyətində rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində bölgələrdə yaradılmış münbit şərait  regionların hərtərəfli inkişafını təmin etməklə yanaşı,  şəhərlərə miqrasiyanın da qarşısını alır. Artıq əminliklə söyləmək olar ki, bu gün  insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki bölgələrin, kənd və qəsəbələrin siması tamamilə dəyişib, yenilənib, bu yaşayış məntəqələrində normal həyat şəraiti üçün bütün zəruri infrastruktur yaradılıb. 2004-cü ildə dövlət başçısı İlham Əliyevin irəli sürdüyü "Neft kapitalını insan kapitalına çevirək!” tezisinin reallıqda öz təsdiqini tapması istiqamətində atılan davamlı addımların uğurlu nəticələri  artıq göz önündədir. İqtisadiyyatın şaxələndirilməsi  enerji sektorundan asılılığın minimuma endirilməsinə gətirib çıxardı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Ümumi daxili məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Sahibkarlığın inkişafı iqtisadiyyatın şaxələndirilməsində öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektoru sahibkarlığın inkişafı hesabına əhəmiyyətli dərəcədə tərəqqi edir.”

    Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

    V.Rəhimzadə qeyd edib ki,  sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən regional inkişaf proqramlarının uğurlu icrasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bütün dövrlər üçün aktuallığını qoruyan bu vəzifələri  bir daha xatırlatmışdır: Dövlət məmuru nümunə olmalıdır. Yerlərdə insanların dolanışığı,  rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. İnsanların qayğıları ilə maraqlanmaq və həlli istiqamətində addımlar atmaq hər bir dövlət məmurunun qarşısında əsas vəzifə kimi qoyulur. Məmur-vətəndaş münasibətlərinin sivil qaydada tənzimlənməsi vətəndaş məmnunluğunu artırır. Bu,  günümüzün əsas tələbidir. 

   "Regional inkişaf proqramlarına uyğun olaraq bölgələrdə görülən işlərin miqyası daha da genişləndirilir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin  bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: "Nəzərə alsaq ki, ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir, bu halda dövlət məmurlarının üzərinə düşən məsuliyyətin daha da artdığını əminliklə söyləyə bilərik. Cənab İlham Əliyev işğaldan azad edilmiş rayonlarla yanaşı, digər bölgələrin də tərəqqisini daim diqqət mərkəzində  saxlayır. Sözügedən qəbulda bölgələrdə sahibkarlığın inkişafı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə  bağlı səsləndirilən təkliflər, qarşıya qoyulan vəzifələr də bunu təsdiqləyir. Möhtərəm Prezidentimiz bir daha xatırlatdı ki, sahibkarlara investisiyalarını yatırmaq, yeni iş yerləri yaratmaq üçün  imkan verilməlidir.  Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir.”

    YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyev hələ  2013-cü ildə  "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu məqamı xüsusi vurğulamışdı ki,  hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Məhz bu prinsiplərin vəhdətliyi, birlik, həmrəylik qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını stimullaşdırır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallıq olduğu həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların fonunda daha aydın görünür.

  V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını videoformatda  qəbul edərkən  hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşımalı olduğunu bir daha qətiyyətlə bəyan etdi: "Ölkə  Prezidenti diqqəti bəzi hallarda  nəzərə çarpan məmur özbaşınalıqlarına, bəzi vəzifəli şəxslərin, xüsusilə icra hakimiyyəti başçılarının  şəxsi mənafelərini ictimai və dövlət maraqlarından üstün tutmalarına,  talançılığa, rüşvətxorluğa, korrupsiyaya qurşanmalarına,  insanların qayğı və problemlərinə laqeyd yanaşmalarına,  rayonların qarşısında dayanan  gündəlik problemlərlə deyil, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul olmalarına yönəldərək bu kimi halların  insanların haqlı narazılığına səbəb olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu əməllərə sahib olan  yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər və bundan sonra da belə hallara yol verənlər ciddi  cəzalandırılacaqlar . Dövlət başçısı bir daha bu çağırışı etdi ki,  heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işlərində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq.”

   İctimai nəzarətin dayanıqlı inkişafın təmin edilməsində əsas amillərdən biri olduğunu bildirən Vüqar Rəhimzadə qeyd edib ki, vətəndaş məmnunluğunu artırmaqla, şəffaflığı təmin etməklə hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür: "Bütün dünyada Azərbaycan brendi kimi tanınan  və şöhrət qazanan "ASAN xidmət”, DOST layihələrinin uğurlu icrası bu məqsədlərə qısa zamanda çatmağa stimul verir. İşğaldan azad edilmiş ərazilərimizdə də bu mərkəzlərin yaradılması nəzərdə tutulur. Bir sözlə,  bu gün Azərbaycanda vətəndaş amili uğurla həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir.”

Xəbər lenti