Səbuhi Abbasov: “ATƏT-in Minsk Qrupu 30 illik yarıtmaz fəaliyyətinə görə cavab verməlidir”

Səbuhi Abbasov: “ATƏT-in Minsk Qrupu 30 illik yarıtmaz fəaliyyətinə görə cavab verməlidir”

İstər aprel, istər iyul döyüşlərində Ermənistan tərəfinin törətdiyi təxribatlar digər cəbhələrdə davam etməkdədir. Azərbaycan Milli Ordusu düşmən təxribatının qarşısını vaxtında və ləyatlə alsa da, bu münaqişənin həllinə məsul olan qurumlar və dövlətlər susmaqda davam edirlər.

Məsələyə münasibət bildirən QHT sədri, internet-media ekspert Səbuhi Abbasov prosesin bu formada davam etməsinin dözülməz olduğunu deyib: "İyulun 12-də ermənilərin başlatdığı təxribat olduca ciddi və dünyanın gözü qarşısında baş verdi. Bu münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu isə bəyanatı 2 ay sonra, 14 sentyabr tarixində verdi. Olduqca soyuq, quru və əhəmiyyətsiz bəyanat kağız parçasından başqa bir şey deyildir. 30 il ərzində həm ATƏT, həm də digər qurumlar kağız üzərində Azərbaycanın haqlı mövqeyini tanısalar da, faktiki olaraq işğalçı rejimin qarşısında aciz qalıblar. Ümumiyyətlə, Rusiya, Fransa və ABŞ-ın birgə yaratdığı Minsk qrupu 30 il ərzində hansı real uğuru əldə edibdir? Yaxın keçmişi vərəqləsək ortada heç bir nəticəsinin olmadığını görərik. Onlar yalnız və yalnız turist kimi regiona səfər edir, əylənir, sonda isə ağıllarına gələn istənilən bəyanatı qəbul edib, yoxa çıxırlar. Prezident İlham Əliyev dəfələrlə ATƏT-in Minsk qrupunun üzvlərini aktiv olmağa, real nəticələrə köklənməyə çağırsa da, effektiv heçbir nəticə əldə edilməyib. Hətta, mən deyərdim ki, situasiya əvvəlkindən də pis nöqtəyə yaxınlaşıb. Artıq Ermənistan öz terrorçu xislətini əvvəlki kimi gizlin deyil, açıq şəkildə dünyaya nümayiş etdirir. Baş Nazirin arvadı işğal olunmuş ərazilərdə "silah şou”su düzənləməklə, əslində, hardan-hara gəldiklərini, niyyətlərinin nə olduğunu göstərmiş oldu. Bu yaxınlarda Livanda yaşayan onlarla erməni əsilli terrorçunun Livana köçürülməsi, əslində, gələcəkdə regionda baş verə biləcək təhlükələrdən xəbər verir. Bu nonsensdir. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu 30 illik yarıtmaz fəaliyyətinə görə cavab verməli, buraxılmalı və münaqişənin qısa zamanda həll olunmasını Azərbaycan tərəfi öz üzərinə götürməlidir. Görünən odur ki, Minsk qrupunu işğalçı rejimlə bağlayan maraqlar var və bütün uğursuzluqlar bu maraqların boynuna yazılmalıdır. Əgər bu qrup öz missiyasını hansısa maraqla barter edibsə, Azərbaycan tarixi ədaləti öz gücü, qüdrəti hesabına bərpa etməyə hazırdır”


 

Xəbər lenti