Ramil Həsən: Azərbaycanda qurulan demokratik cəmiyyət, aparılan islahatlar siyasi partiyalara da öz müsbət təsirini göstərib

Ramil Həsən: Azərbaycanda qurulan demokratik cəmiyyət, aparılan islahatlar siyasi partiyalara da öz müsbət təsirini göstərib
Azərbaycanda qurulan demokratik cəmiyyət, ölkədə aparılan islahatlar və yenidənqurma prosesinin uğurlu davamı siyasi partiyalara da öz müsbət təsirini göstərib. Şübhəsiz ki, Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) bu islahatların tərkib hissəsi kimi, həm daxili yenilənməyə, həm də dünyada cərəyan edən proseslər, qarşıdurmaların sona çatdırılması, sülh və təhlükəsizliyin təmin olunması, qarşılıqlı münasibətlərin artırılması və bərpası kimi bir çox məsələlərlə bağlı beynəlxalq hüquq normaları çərçivəsində uğurlu fəaliyyətini davam etdirir.

Bu fikirləri Milli Məclisin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Ramil Həsən İstanbulda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) 11-ci Baş Assambleyasında çıxışı zamanı bildirib.

Deputat deyib: "Tarix bunu göstərib ki, vaxtilə düşmən olan dövlətlər belə, müəyyən bir müddətdən sonra münasibətlərini normallaşdıra biliblər. Bu münasibətlərin qurulmasında cəmiyyətlər, siyasi partiyalar və bu ölkələri idarə edən dövlət strukturları xüsusi rol oynayıblar. Bu gün cəmiyyətimizdə siyasi partiyaları əsas idarə edən, Baş nazir və ya Prezident səviyyəsində liderlərin olduğunu nəzərə alsaq, o zaman iqtisadi, siyasi, strateji, enerji təhlükəsizliyi, bölgədə sülhün bərqərar olması kimi bir çox məsələlərdə siyasi partiyaların nə qədər vacib və əhəmiyyətli rol oynadığını da görmək mümkündür. Şübhəsiz ki, ictimai diplomatiya sayəsində münasibətlərin normallaşması, xüsusilə də Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin təmin edilməsi Azərbaycan dövlətinin uğurlu xarici siyasətinin və YAP-ın doğru strategiyasının nəticədir. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev həm də Yeni Azərbaycan Partiyasının Sədridir”.

YAP ilə ICAPP arasında on ildən artıqdır çox səmərəli əməkdaşlığın aparıldığını qeyd edən Ramil Həsən bildirib ki, YAP-ın ev sahibliyi ilə 2012-ci ildə ICAPP-ın Baş Assambleyası, 2019-cu ildə gənclər və qadınlarla bağlı beynəlxalq konfransı keçirilib və bu gün də ICAPP-ın daimi komitəsinin üzvü kimi, Yeni Azərbaycan Partiyası bu proseslərdə aktiv iştirak edir.

Qüsursuz təşkilatçılıq, qonaqpərvərlik və mükəmməl ev sahibliyinə görə qardaş ölkəmiz olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasına təşəkkürlərini ifadə edən deputat deyib ki, partiyalararası münasibətlərin daha da gücləndirilməsi olduqca vacib və labüddür. ICAPP-ın növbəti tədbiri bunun davamı kimi "Regionda təhlükəsizliyin təmin olunmasında siyasi partiyaların rolu” başlığı altında doğma Bakımızda keçiriləcək və YAP ICAPP ilə əməkdaşlıq çərçivəsində bu, beynəlxalq tədbirə ev sahibliyi edəcək./azertag

Xəbər lenti