"Radikalların eks məmurlarla əlaqəsi araşdırılsın..."- Deputatdan şok yazı!!!

Seçki prosesinin təbliğat-təşviqat mərhələsi başlandı və beləcə bütün kartlar yavaş-yavaş açılır. Əsas da o kart ki, radikal müxalifət məlum prosesə niyə qoşulmayıb.

İlk əvvəl anti-milli qüvvələr guya çaşqın vəziyyətdə, tərəddüd içində qalmaları ilə bağlı fikir formalaşdırmaq istəyirdilər. İndi isə məlum olur ki, qərar lap əvvəldən getməmək olub və konkret ölkələrdən, onların səfirlərindən gələn təlimatlara uyğun davranılıb.

Keçən dəfəki yazımda "AXCP”nin, "Milli Şura”nın xaricdəki əsas maliyyə mənbələrindən bəhs etmişdim. Səsləri də çıxmadı. Demək bir qalır, bank hesablarının nömrələrini və həmin hesablara köçürülən vəsaitlərin qəbzlərini göstərmək. Hərgah, əminəm ki, hətta bu addımı atsam belə yenə qırmızı-qırmızı üzə duracaqlar, təkzib verəcəklər, yaramaz bir formada mövzudan yayınacaqlar.

"Abzas Media” söhbəti elə-belə söhbət deyil. Öz həbsinə 1 gün öncədən hazırlaşanlar da təkzibedilməz sübutlarla baş-başa qalacaqlarını (ya da qaldıqlarını) dəqiq bildikləri üçün öncədən yır-yığış edirlər. "Araşdırmaçı jurnalist”lər isə təyinata uyğun olaraq araşdırmaçı fəaliyyətlə deyil, Qərb və Avropa ölkələrindən ötürülən təxtibatçı tezislərlə çalışırlar. Çünki araşdırmaçı xətt jurnalistikanın ən ağır sahəsidir və "da” "də” şəkilçisini sözdən ayıra bilməyənlər əsla və əsla belə işin altına girə bilməzlər. Bunun üçün çevik təxəyyülə, müqayisələndirmə + mübahisələndirmə qabiliyyətinə, xüsusi biliklərə, fitri istedada sahib olmaq gərəkdir və…həbs edilənlərin timsalında, şəxsində həmin komponentlərin heç birini görmək mümkün deyil.

Elə yalnız baxışlar yetərlidir ki, məsələyə nöqtə qoyulsun: İcraçıdırlar! Şüurlu şəkildə bu missiyanı üzərlərinə götürüblər! Pul-para müqabilində gözlərini hər şeyə yumublar!

Sərhədin bağlı qalması sizcə radikalları niyə belə narahat edir? Açmasını deyim: Qara pullar "AXCP”yə, "Milli Şura”ya, bəzi QHT-lərə, media qurumlarına əsasən Gürcüstandan, eyni zamanda digər ölkələrdən quru sərhəd yolu ilə çatdırılıb. Mexanizm isə belə olub ki, taksi sürücülərinə, siravi insanlara bəlli faiz müqabilində həmin pulun daşınması təklif edilib və nəhayətində daşıyıcıların prosesdən xəbəri olmasa da ötürücülər öz cinayətkar hərəkətlərini qlobal masştabda həyata keçirə biliblər.

İkinci və daha rahat donor xətti ölkəmizdəki bəzi səfirliklərdir. Onlar diplomatik fəaliyyətə və protokola tam zidd şəkildə məlum qüvvələrə qrantlar ayırırlar. Həm də heç bir rəsmiyyət, hesab-kitab olmadan.

Üçüncü mənbə casus şəbəkəsinin nümayəndələridir. Məsələn, fransız əsilli Martin Rayan. O, son parlament seçkilərindən dərhal sonra ölkəmizə gəlib, özü üçün kiçik biznes qurub, azərbaycanlı xanımla nişanlanıb və şübhə yaratmadan kəşfiyyatını aparıb.

Bir haşiyə çıxım: Demək, FETÖ-çuların aktiv vaxtlarında onlar tərəfindən şəhərin tam mərkəzində (əsas da "İçəri Şəhər” metrostansiyası və "Fəvvarələr meydanı” ətrafında) restoranlar, kafelər icarəyə götürülürdü. Tutaq, həmin ərazidə maksimum icarə haqqı 5 min idi, amma bunlar 12-13 min təklif edirdi. Obyekt sahibi də düşünürdü, nə gözəl, elə ən bahalı təklifin yiyəsi kimdirsə, obyekti də ona verim getsin. Və kimsə məsələnin o tərəfini fikirləşmirdi ki, bir insan 5 minlik yerə niyə 13 min versin? Əfəl-zaddı? Heç kim bilmirdi ki, bu şərəfsizlər həmin obyektlərdən strateji məqsədlər, haranısa çəkmək, səs yazmaq, kimlərisə güdmək, izləmək, şantaj etmək üçün istifadə edirlər. Yəni, məqsəd pul qazanmaq yox, missiya həyata keçirmək idi. Pulun da kəm gələn hissəsi Pensilvaniyadan dərhal göndərilirdi.

İndi-indi aydınlaşır ki, Martin Rayan da FETÖ-çuların yolu ilə gedib və ən uğursuz bizneslərdən biri ilə məşğul olub. Azərbaycanın xüsusi xidmət orqanları isə artıq FETÖ üzərindən belə bir təcrübə ilə qarşılaşdıqları üçün Martini qısa müddət ərzində zərərsizləşdirə biliblər. Hərgah, siyasi analitiklər bu ifşanın "persona non grata " elan edilmiş fransız diplomatlarla isti münasibətdən dolayı tez reallaşdığını düşünürlər. Amma mən fərqli fikirdəyəm və hesab edirəm ki, fransız casus özünü əsasən biznes fəaliyyətində "yandırıb”.

Üstəlik, onun radikallarla eyni kisəni bölüşdüyünə, süd və qrant qardaşları olduğuna zərrə qədər şübhə etmirəm!

Nəhayət! Keçmiş məmurlar var. Əsas da rüsvayçı şəkildə vəzifəsindən azad olunanlar. Radikalların bir maliyyə mənbəyi də onlardır. Nəzarətə götürmək, əlaqələrini araşdırmaq, fəaliyyətlərini təftiş etmək lazımdır belələrinin…

Simasından ambisiya, eqo, nifrin yağan azmı eks-məmur gördük? Azdırmı belələri? Xeyr, əzizlərim. Yetərincədir. Hə, indi təxribat üçün boşluq, "münbit şərait” yoxdur, dövlət və hakimiyyət güclüdür, ona görə hələ (guya) iflasa uğramış banklarının ya da övladlarına hansısa ölkədə açdıqları bizneslərinin qeydinə qalırlar, susurlar, üzə çıxmağa ürək eləmirlər. Amma inanın, azacıq fürsət yaransa dəstək verdikləri Əli Kərimlidən daha betər danışarlar, anındaca tofiqləşərlər, gültəkinləşərlər, cəmilləşərlər!

Əgər bir insan dağ boyda etimadın dəyərini verə bilməyibsə, vəzifəni buraxmamaq üçün bütün çirkinliklərə əl atıbsa, ahıl yaşında hakimiyyətdən acıq çıxmaq üçün 50 min kombinasiya qurubsa, beləsindən, belələrindən hər şey gözləmək olar.

İlham Əliyev DƏYƏRDİR! Həm rəhbər, həm siyasətçi, həm də şəxsiyyət kimi! Onun qədrini bilməyənləri, ona badalaq atmaq istəyənləri, onu həfifə alanları Tanrıdan, zamandan öncə Azərbaycan xalqı cəzalandıracaq!

Ləyaqətini hansısa səfirliyin, konsulluğun qapısına əski kimi sərənlərin, atasının həbsdə olmasına rəğmən, nə var-nə var cibinə 7 min evro qoyulub deyə həmin həbsi unudaraq şaqqanaq çəkənlərin, ölkəsində "LGBT” baxçası açanların dili ilə danışanların, öz şəxsi, qara, mürtəd ambisiyalarını həyata keçirmək, reallaşdırmaq üçün bütün şərəfsizliklərə imza atanların siyasi və ictimai həyatdakı yeri isə daim və daim tarixin zibilliyi olacaq!

Tanrı düzləri, yaxşıları qorusun…

Bizlərin də bəsirət gözünü daim açıq saxlasın ki, hər kəsin layiqli qiymətini verə bilək.
Elshen_Musayev.jpg (74 KB)
 
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

Xəbər lenti