Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində “Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimatı olub
Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində rus dilinə tərcümə olunaraq işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə Qırğızıstandakı "Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi” İctimai Birliyinin sədri Xansuvar Baxşəliyev, "Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli və digər qonaqlar Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksində qoyulmuş ulu öndərin büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.
Qonaqları səmimiyyətlə salamlayan məktəb-gimnaziyanın rəhbərliyi və şagirdlər türk dünyasının görkəmli xadimi Heydər Əliyevin büstü, onun adını daşıyan otaq, həyatını və fəaliyyətini əks etdirən stend, məktəbin 12 oktyabr 2022-ci il tarixli açılış mərasimində Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı, dövlət başçımızın Bişkekə səfərini əks etdirən "Qırğızıstan-Azərbaycan Dostluğu” stendi və təhsil-tərbiyə kompleksinin fəaliyyəti barədə ətraflı məlumat verib. Sonra Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksinin kollektivi qonaqlar qarşısında xüsusi proqramla çıxış edib. 
Tədbirdə ktabın müəllifi Emil Nəsirli Qırğızıstanda yaşayan yeni nəsil azərbaycanlıların doğma dilimizi öyrənməsinin, valideynlərin də Azərbaycan dili dərslərində iştirakının önəmini diqqətə çatdırıb və məktəblilərin dərslər barədə fikri ilə maraqlanıb, məktəb-gimnaziyanın müəllim və şagirdlərinin Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən suallarını cavablandırıb.
Sonra tədbir iştirakçıları Qırğızıstandakı "Birlik” Azərbaycanlıların İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilmiş Qırğızıstan-Azərbaycan Dostluq Parkında iynəyarpaqlı ağacların əkilməsi aksiyasında iştirak etmişlər.
Daha sonra A.Osmonov adına Qırğızıstan Respublikasının Milli Kitabxanasında təşkil edilən rus dilinə tərcümə olunaraq işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabının təqdimat mərasimi keçirilib. 
Bişkek şəhərində yerli hakimiyyət nümayəndələri, yerli ictimaiyyət və Qırğızıstanda fəaliyyət göstərən Azərbaycan diaspor nümayəndələrinin, ictimai-siyasi xadimlərin, elm, təhsil və mədəniyyət işçilərinin iştirak etdiyi təqdimat mərasimi Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevin, "Birlik” Azərbaycanlıların İctimai Birliyinin təşkilati dəstəyi və kitabın müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirlinin təşəbbüsü ilə təşkil olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əvvəlcə tədbir iştirakçılarını salamlayan Qırğızıstandakı "Azərbaycanın dostları klubu”nun prezidenti, tədbirin moderatoru Assol Moldokmatova çıxış üçün sözü Qırğız Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyevə verib. 
Səfir Kayrat Osmonaliyev Ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna rolu haqqında məlumat verib. O, Ulu öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan danışıb. Ümummilli lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin və dövlətçiliyinin, həmçinin Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müstəsna xidmətlərinin olduğunu vurğulayıb.
Səfir Kayrat Osmonaliyev böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və məhəbbət ilə yanaşdığını deyib.
Hazırda Qırğızıstanda təxminən 20 mindən çox azərbaycanlı yaşadığını qeyd edən səfir onu da vurğulayıb ki, iki ölkə arasında fundamental diplomatik əlaqələrin əsası 1993-cü ildən qoyulmuşdur. Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib və orada qırğızıstanlı həmkarı ilə görüşüb. 11 sentyabr 1996-cı ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyi arasında protokol imzalanıb. 
Səfir onu da qeyd edib ki, Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də bunu təsdiq etdi.  Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda əməkdaşlıq edir və milli maraqlardan çıxış edərək həmişə bir-birini dəstəkləyir.                                                                                                 
Dövlət başçılarının rəsmi görüşündə müzakirə olunan məsələlər və imzalanan sənədlər münasibətlərin sonrakı mərhələdə yüksələn xətlə inkişafına təkan vermiş oldu. Azərbaycan və Qırğızıstan prezidentlərini mətbuata bəyənatları, səfər çərçivəsində imzalanmış sənədlər, xüsusən də ən əsas sənəd olan Strateji Tərəfdaşlıq haqqında Bəyannamə göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb, ölkələr arasında qardaşlıq və dostluq əlaqələri bundan sonra daha möhkəmlənəcək – deyə səfir K.Osmonaliyev bildirib.       
Səfir onu da qeyd edib ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyev haqqında çoxlu kitablar yazılıb və yazılır, hələ uzun illər Heydər Əliyevə həsr olunmuş möhtəşəm, maraqlı, dəyərli əsərlər yaradılacaq. Ümummilli liderin fəaliyyətini əks etdirən bu kitab cəmiyyətdə böyük maraq doğurur. Səfir bildirib ki, kitabda təqdim olunan faktlar ulu öndərin çoxşaxəli fəaliyyətində mühüm məqamları əks etdirir.
Səfir K.Osmonaliyev onu da əlavə edib ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, çox ehtiyac duyulan xarici əlaqələr genişləndi, hərtərəfli enerji strategiyasını reallaşdırdı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu. Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir.
Tədbirdə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov geniş çıxış edərək ulu öndər Heydər Əliyevin XX əsrdə Azərbaycanın inkişafı yolunda ən böyük xidmətlər göstərmiş dahi şəxsiyyət olduğunu qeyd etmişdir. Səfir Lətif Qəndilov vurğulamışdır ki, dahi şəxsiyyətin ömür yolu Vətənə, doğma xalqa və millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Azərbaycanın iftixarı, qüdrətli dövlət xadimi və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti ilə dünya azərbaycanlılarının ümummilli lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının yaddaşında və qəlbində şöhrəti və nüfuzu sərhəd tanımayan polad iradəli rəhbər olaraq qalmışdır. 
Təqdimat mərasimində "Heydər Əliyevin həyatının 100 anı” kitabının müəllifi, "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli çıxış edib. Müəllifi olduğu "Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, ingilis, rus, rumın və digər dillərində işıq üzü görmüş "Heydər Əliyevin həyatının 100 anı” kitabı haqqında geniş məlumat verən Emil Nəsirli vurğulayıb ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycanda yenidən hakimiyyətə qayıtması, ölkəni böhrandan xilas etməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunmasındakı xidmətləri və digər məsələlər müəllifi olduğu kitabda sənədli təsvirlərin dili ilə şərh edilir.
Emil Nəsirli qeyd edib ki, Heydər Əliyev haqqında yazdığı bu kitab eyni zamanda Azərbaycan tarixini də özündə əks etdirir. Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni bir eraya qədəm qoyub. Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük əmək sərf olunub. Hələ ötən əsrin 70-ci illərində respublikaya rəhbərlik edən Heydər Əliyev zavod və fabriklərin açılışında iştirak edib, minlərlə məktəbin, xəstəxananın, mədəniyyət müəssisəsinin təməlini qoyub. Bütün bunlar fotoşəkillərlə kitabda öz əksini tapıb.
Müəllif onu da vurğulayıb ki, bu güclü şəxsiyyətin həyat yolu və mübarizəsi kitablar vasitəsilə gənc nəslə ona görə çatdırılmalıdır ki, onlar fərd kimi deyil, şəxsiyyət kimi formalaşsınlar. Odur ki, Ulu öndərin həm SSRİ dövründə, həm də müstəqillik illərində Azərbaycanda gördüyü işlər təkcə yazılarla yox, eyni zamanda fotolardan ibarət kitablar vasitəsilə yetişməkdə olan gənclərə çatdırılmalıdır. Kitabda yeni dövrü əks etdirən fotolar arasında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimini və buna bənzər digər anları yaşadan fotoşəkillər xüsusi yer tutur. Bütün bunlar yeni tariximizin öyrənilməsi və təbliğində əhəmiyyətli rola malikdir.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın nüfuzunu dünya miqyasına yüksəldib. Bu yüksəliş siyasi strategiyanın möhkəm əsasları üzərində bərqərar olub. Azərbaycanda 1990-cı illərin əvvəllərində ictimai-siyasi sabitlik yaratmaq, dünyanın diqqətini Azərbaycana yönəltmək, iqtisadi islahatlara geniş meydan vermək, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq sadəcə olaraq cari tədbirlərin nəticəsi deyildir. Heydər Əliyev ilk növbədə Azərbaycanın dünyadakı yerini və qlobal siyasətdəki rolunu müəyyənləşdirib, bölgədə marağı olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qura bilib. Dünyanın siyasi xəritəsinə nəzər yetirsək, Azərbaycanın ərazicə kiçik dövlət olduğunu görərik. Lakin bu kiçik dövlət bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Daha sonra Emil Nəsirli bildirib ki, Azərbaycanla Qırğızıstan arasında yaranan uğurlu dövlətçilik münasibətlərinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.  Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü  və "Manas" eposunun 1000 illiyinə həsr  olunmuş  tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfərindən sonra ildən-ilə inkişaf edən münasibətlər hazırda iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 
Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizdə rəsmi səfərdə olub. Səfər zamanı "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb.
Prezident İlham Əliyev Qırğız Respublikasına dövlət səfəri çərçivəsində ikitərəfli danışıqlar aparıb, həmçinin Dövlətlərarası Şuranın I iclasında iştirak edib. Daha sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərəsimi olub. Prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər. Azərbaycan Prezidentinin iştirakı ilə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, habelə Heydər Əliyev və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılışı olub.
Çıxışının sonunda Emil Nəsirli deyib: " Fürsətdən istifadə edərək Qırğızıstanda yaşayan bütün soydaşlarımızı Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə uğurlu davamçısı, ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, həmçinin əsrə bərabər 20 ilin zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində xalqımıza  Qarabağ Zəfəri qazandiraraq adını qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıram!”.
Təqdimat mərasimində Qırğızıstan Respublikası Parlamentinin deputatı, Qırğızıstan-Azərbaycan parlament dostluq qrupunun rəhbəri İskəndər Matraimov, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov, Qırğızıstan Xalqları Assambleyası Şurasının sədri Almanbet Matubraimov,  əfsanəvi Qırğızıstan parlamentinin eks-spikeri Medekan Şerimkulov, "Qırğızıstan-Azərbaycan” Dostluq və Əməkdaşlıq Birliyinin sədri, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov, Qırğız Respublikasının keçmiş xarici işlər naziri, Ç.Aytmatov adına  "Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti, "Azərbaycanın Dostları Klubu”nun təsisçisi Əsgər Aytmatov, kinorejissor, Qırğızıstan Respublikasının Əməkdar Mədəniyyət Xadimi Zamir Erəliyev, Qırğızıstandakı "Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi” İctimai Birliyinin sədri Xansuvar Baxşəliyev çıxış edərək Ulu Öndərin əziz xatirəsinin həm Azərbaycanda, həm də Qırğızıstanda böyük hörmətlə anıldığını, Azərbaycan və qırğız xalqlarının tarixinin, dilinin, dininin və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlılığının olduğunu, bu iki xalq arasında münasibətlərin tarixinin dərinliklərinə gedib çıxdığını, müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələrinin Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirildiyini, ikitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu diqqətə çatdırıblar. Xüsusi qeyd olunub ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.
Təqdimat mərasimində Heydər Əliyevin xarici siyasətində xüsusi yer tutan Azərbaycanın dünyanın bütün güc mərkəzləri ilə, qonşu və qeyri-qonşu dövlətlərlə, o cümlədən Qırğızıstanla yeni, qarşılıqlı faydalılığa əsaslanan münasibətlərin formalaşdırılması, inkişaf etdirilməsi, Cənubi Qafqazda maraqları və təsir imkanları olan böyük və regional dövlətlərlə münasibətləri barədə geniş fikir mübadiləsi aparılıb.
Təqdimat mərasimində Qırğızıstandakı "Mərkəzi Asiyada Mütərəqqi Azərbaycanlılar Birliyi” İctimai Birliyinin sədri Xansuvar Baxşəliyev Emil Nəsirliyə qırğız milli hədiyyələri və suvenirləri təqdim edib. 
Tədbirin sonunda kitabın müəllifi, Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü Emil Nəsirli "Heydər Əliyevin həyatının 100 anı” kitabını tədbir iştirakçılarına hədiyyə edib.
 










 

Xəbər lenti