“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda

“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
Orta Asiyanın mühüm ölkələrindən biri olan Özbəkistanla hərbi əməkdaşlığın perspektivləri necə qiymətləndirilir
Prezident İlham Əliyevin Özbəkistana səfərində bir sıra iqtisadi və humanitar sazişlərlə bərabər iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək barədə saziş də imzalanıb. Bəzi ekspertlərə görə, hələlik ilkin addımlar atılsa da, istiqamət hərbi müttəfiqliyə doğru gedir. Hər iki ölkə qarşılıqlı olaraq bunda maraqlıdır. Bu isə o deməkdir ki, gələcəkdə Azərbaycanla Özbəkistanın hərbi müttəfiq olmaları tamamilə mümkündür.

Maraqlıdır ki, 1997-ci ildə yaradılmış GUAM hərbi ittifaq olmasa da, 1999-cu ildən 2005-ci ilədək Özbəkistan da bu təşkilata üzv olub. Bundan əlavə, Özbəkistan 15 may 1992-ci il tarixində əsası qoyulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına  üzv olmuşdu. Bu ölkə əvvəllər də KTMT-də üzvlüyünü dayandırmışdı (1990-cı ildən 2000-ci ilin ortalarına qədər). 

2006-cı ildə isə respublika rəhbərliyi KTMT-də üzvlüyünü bərpa etmək qərarına gəldi. 2006-cı ilin dekabrında Özbəkistanın o zamankı  prezidenti İslam Kərimov bu barədə sərəncam verdi, 2008-ci ildə ölkə parlamenti sənədi ratifikasiya edib. Ölkənin KTMT-yə qayıdışı respublika rəhbərliyi ilə Qərb ölkələri arasında münasibətlərin pozulmasından sonra baş vermişdi. Özbəkistan formal olaraq KTMT-nin üzvü olsa da, təşkilatın fəaliyyətində heç bir fəallıq göstərmədi, onun xətti ilə həyata keçirilən hər hansı tədbirə qatılmaqdan, birgə hərbi təlimlərdə iştirakdan imtina etdi. Özbəkistan KTMT üzvü olarkən dövlət başçılarının və müdafiə nazirlərinin görüşlərində ya ümumiyyətlə, iştirak etmirdi, ya da burada qəbul edilmiş qərarları imzalamırdı. Ölkənin KTMT-də üzvlüyünü dayandırmasını Rusiyanın bu respublikanın ABŞ-la əlaqələrinin güclənməsi və öz ərazisində Amerika hərbi bazasının yerləşdirilməsi planı ilə əlaqələndirirdi. Özbəkistan indi faktiki Azərbaycan kimi bloklara qoşulmayan ölkədir və ikitərəfli əməkdaşlığa önəm verir.

Qeyd edək ki, son illər bu ölkənin qardaş Türkiyə ilə də əlaqələrində ciddi irəliləyiş var. Beləliklə, Orta Asiyanın mühüm ölkələrindən biri olan Özbəkistanla hərbi əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiz?

Bu sualla ekspertlərə müraciət etdik.
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır -
 Elşən Musayev 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev öncəliklə Azərbaycan Prezidentinin Özbəkistana etdiyi səfərə toxundu: "İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri zamanı yaşanan müsbət olaylar, demək olar ki, bütün sahələr üzrə imzalanan sənədlər və perspektivlə bağlı nəzərdə tutulan layihələr həm iki ölkə arasındakı xoş münasibətlərin göstəricisidir, həm də regionda sülh və təhlükəsizliyi dəstəkləyən dövlətlərin vahid iradəsinin təcəssümüdür. Bilirsiniz ki, bu səfər zamanı geniş müzakirələr aparıldı və həmin müzakirələrin yekun nəticəsi olaraq bağlanan sazişlərin biri də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın inkişaf etdirilməsi barədə idi.

Təbii ki, hərbi və təhlükəsizlik məsələləri bütün ölkələr kimi Azərbaycan və Özbəkistan üçün də əsas prioritetlərdən birini təşkil edir və bu münasibətləri gələcəkdə daha dərin hərbi müttəfiqlik səviyyəsinə çatdırmaq mümkündür. Özbəkistanın indiyə qədər GUAM və KTMT-də üzvlüyü olub. Düzdür, GUAM hərbi ittifaq deyildi, amma maraqlıdır ki, elə KTMT-də də Özbəkistanın iştirakı demək olar ki, formal xarakter daşıyıb. Daha dəqiqi, İslam Kərimovun zamanında Özbəkistan KTMT üzvlüyünə Qərbin soyuq münasibətinə cavab olaraq girmişdi. Yəni bu bir jest idi və KTMT-yə olan isti münasibətdən irəli gəlmirdi. Ona görə də təşkilatın illər boyunca düzənlənən hərbi təlimlərində və tədbirlərində iştirak etmədi. İndi isə Özbəkistan yeni strategiyalar üzərində çalışır və həmin strategiyanın əsas hədəflərindən biri Azərbaycanla isti münasibətlər qurmaqdır. Təməl artıq qoyulub. Cənab Prezidentin Özbəkistana səfəri olduqca uğurlu keçdi. Perspektiv son dərəcə işıqlı görünür.

Digər diqqət çəkən məqam isə Özbəkistanın sürətlə Türkiyəyə də yaxınlaşmasıdır və bu, olduqca müsbət haldır. Çünki Türkiyə ilə Azərbaycanın Özbəkistanla paralel fonda isti münasibət qurması, hər üç dövlətin bərabərliyi gücü birə-beş artıracaq və strateji mövzularla bağlı vahid fikrin ifadə olunmasına, vahid iradənin ortaya qoyulmasına xidmət edəcək.

Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibəti olduqca böyük perspektivlər vəd edir. Hərbi sahədəki yaxınlaşma isə həmin perspektivlər sırasında ən cəlbedici istiqamətlərdən biridir".
Qazax və qırğızlar Rusiyadan üz döndərir?
Şəhla Cəlilzadə

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə çox önəmli məsələlərə aydınlıq gətirdi: "Özbəkistan Mərkəzi Asiyada Rusiyaya ”kafa tutan" yeganə ölkədir və məhz burada 2001-2005-ci illərdə ABŞ-ın hərbi hava  bazası yerləşib. Məhz bundan az öncə (1999-da) Özbəkistan Rusiyanın rəhbərlik etdiyi hərbi təşkilat olan KTMT-də üzvlükdən imtina etmiş və GUAM-a qatılmışdı. Lakin Rusiyanın təzyiqi ilə Özbəkistan hökuməti 2005-ci ildə GUAM-ı tərk etmiş, ABŞ hərbi bazasının fəaliyyətini dondurmuş və təkrar 2006-dan etibarən KTMT-yə üzv olmuşdu. Lakin bildiyimiz kimi, Özbəkistan və Qırğızıstan arasında sərhəd, su və bir sıra digər məsələlərlə bağlı mövcud olan regional qarşıdurmada Rusiya qırğızlara dəstək verir və hətta Qırğızıstanın cənubunda hərbi baza da yaratmışdır. Təsadüfi deyil ki, qırğızlar və özbəklər arasında milli zəmində dava da məhz SSRİ-nin dağılmaqda olduğu 1990-cı ildə yaşanmışdı. Rus siyasi elitası tabeçiliyindəki xalqlar arasında milli davaları qızışdırmaqda ustadır... Bu və digər amilləri nəzərə alan özbək hökuməti 2012-ci ildə təkrar KTMT-ni tərk etmişdir və bu dəfə birdəfəlik. Özbəkistan artıq Qoşulmama Hərəkatı ilə aktiv münasibətlər qurmaqda, regiondakı digər qonşuları ilə münasibətləri bərpa etməyə çalışmaqdadır. Ümumiyyətlə, Özbəkistan Qazaxıstanla birlikdə Mərkəzi Asiyanın iki əsas hərbi və enerji zəngini ölkəsi olduğu üçün Türkiyə müdafiə naziri Hulusi Akar bu iki ölkəni "bölgənin onurğa sütunu” adlandırmışdır. Akar 2020-ci ildə bölgəyə səfəri zamanı məhz bu iki ölkə ilə hərbi əməkdaşlıq sazişləri imzalamış və geniş ictimaiyyətdə bu, Türk Şurasının hərbi qanadı olacaq "Böyük Turan Ordusu”nun yaradılması istiqamətində atılmış ilk addım olaraq qiymətləndirilmiş, xüsusilə Rusiya media aləmində geniş narahatlıqlarla ifadə olunmuşdu. 2021-ci ilin 15 iyununda Türkiyənin Azərbaycanla müvafiq Şuşa Bəyannaməsi də hərbi ittifaqın yaradılmasını özündə ehtiva edir. Cənab Prezident İlham Əliyevin bugünlərdəki Özbəkistan səfərində Prezident Şavkat Mirziyoyevlə olduqca səmimi görüşü, ölkələr arasında münasibətlərin tarixi kökə bağlantısının, vahid dil və millət ünsürlərinin və türk kimliyinin vurğulanması, o cümlədən hərbi əməkdaşlığa dair sazişlər, bütün bunlar vahid bir ideya bütününün bir parçalarıdır. Bu, türk dünyasının etnik, milli, mədəni müstəvidə daha öncə baş tutan birləşdirilməsinin hazırda iqtisadi və hərbi sahədə birləşdirilməsi ilə davam etdirildiyini göstərir. Bu, gələcəkdə türk dünyasında geniş açılımlardan, lakin Rusiya tərəfindən gələ biləcək böyük təhlükələrdən xəbər verir. Artıq münaqişələrin arealının Mərkəzi Asiyaya doğru istiqamət aldığının şahidiyik. Yaxın gələcəkdə regionda olduqca canlı hadisələrə şahid olacağımızı ehtimal edirəm".

Xəbər lenti