“Nazir əslində həqiqətləri deyib…” – Deputatdan Emin Əmrullayevə dəstək

“Nazir əslində həqiqətləri deyib…” – Deputatdan Emin Əmrullayevə dəstək
 

"Düşünürəm ki, indiki vəziyyətdə Elm və Təhsil Nazirliyinin üzərinə getmək əvəzinə, onlara dəstək olmaq, müzakirələrə qoşulmaq, qarşılıqlı fikir mübadiləsi əsasında formalaşan müsbət, faydalı ideyaları ön plana çıxarmaq lazımdır. Çünki təhsil sahəsi heç də bəzi insanların düşündüyü kimi rahat, problemlərin tez həll tapdığı məkan deyil. Bunun üçün çalışmaq, 5 il, 10 il sonraya baxmaq və gələcək perspektivə, insan kapitalına sərmayə qoymaq lazımdır. Necə ki, nazirlik də bu istiqamətdə əlindən gələn hər şeyi edir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Bilirsiniz, tənqid eləməkdən rahat və gözəgəlimli bir şey yoxdur. Amma çətin olan şey həll yollarını göstərməkdir. Bax bunu çox az adam edir.

Bəli, etiraf edirəm ki, uzun illər boyunca təhsil sistemini ən sərt tənqid edənlərdən biri məhz mən olmuşam. Ya da belə deyək: bütün Parlament fəaliyyətim boyunca məlum nazirliklə ulduzum barışmayıb. Amma sonradan görəndə, hiss edəndə ki, proseslərə, hadisələrə daha geniş rakusrdan baxmaq lazımdır, tənqid əvəzinə müzakirə aparmaq daha faydalıdır, bu sahədə son zaman baş verən islahatlar elə əslində bizlərin də arzularının gerçəkləşməsinə yönəlib – o zaman dayandım, tənqidlərimə ara verdim, tam fərqli düşünməyə başladım.

Nazir nəsə deyib deyib də. Dünya dağılıb? Əslində Sinqapur sistemi gerçəkdən də ideal sistemdir və ancaq Sinqapur istinadına görə deyil, elə başqa presedentlərə görə də söyləmək olar ki, əsas məsələ sinifdə uşaqların sayı deyil, verilən təhsilin keyfiyyəti və metodologiyanın düzgünlüyüdür.

Ona görə bir daha təkrar edirəm: Azərbaycanda elm və təhsilin dirçəlməsi, daha da yüksək məqama gəlməsi üçün hamı çalışmalıdır. Hamı və hamı. Çünki bu, kompleks işdir. Həm də biz valideynlərin üzərinə düşən məsuliyyətdir. Say məsələsi deyil, keyfiyyət məsələsidir. Tənqidi deyil, dəstəyi özündə ehtiva etməli olan mövzudur.

Elm və Təhsil Nazirliyinə, nazirliyin kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, onlar hər şeyin ən yüksək səviyyədə olması üçün bütün mümkün addımları atırlar. Biz də bu prosesdə nəsə edə biləriksə, hər zaman hazırıq.” – deyə millət vəkili fikirlərinə davam edib.

 

Qeyd edək ki, Elm və Təhsil naziri Emin Əmrullayevin son açıqlamasından sonra ona qarşı sosial mediada və mətbuatda bəzi iradlar səslənib. Eyni zamanda deputat Ceyhun Məmmədov nazirin fikirlərini açıq formada tənqid edib.

Xəbər lenti