Mingəçevir şəhər İH-də mətbuat işçilərinin peşə bayramı qeyd olundu - FOTO

Mingəçevir şəhər İH-də mətbuat işçilərinin peşə bayramı qeyd olundu - FOTO
22 iyul Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətində jurnalistlərlə görüş keçirilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov karantin qaydalarının tələblərini gözləməklə jurnalistlər qarşısında geniş çıxış etdi. Milli Mətbuat və Jurnalistika Günü münasibətilə jurnalistlərə ən xoş, səmimi arzularını bildirərək bugünki görüşün əhərmiyyətindən bəhs etdi, jurnalistlərin arzu və təkliflərini dinləməyi daha məqsədəuyğun hesab etdi.
Görüşdə jurnalistlərdən və ictimaiyyət nümayəndələrindən "Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov, "Mingəçevir İşıqları” qəzetinin müxbiri Yeganə Nəbiyeva, jurnalistlərdən İxtiyar Həsənli, Esmira Hidayətova və İnqilab Şirinbəyli çıxış edərək şəhərin sosia-iqtisadi inkişafı ilə bağlı bir sıra məqamlara toxundular. Xüsusilə qeyd olundu ki, şəhərdə görülən abadlıq-quruculuq işləri, yaşıllaşdırma və sanitar-gigiyenik qaydalara riayət olunması daim nəzarətdə saxlanılır. Bu baxımdan əhalinin istirahət məskənlərində dincəlmələri üçün yaradılan şərait, şəhər rəhbərliyi, eləcə də aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq nəzarətə götürülür. O cümlədən yaşıllıqlara qayğı, ağacların vaxtlı-vaxtında suvarılması, ardıcıl olaraq həyata keçirilir. Jurnalistlər Sahil parkında gəmilərin yarıtmaz fəaliyyətini, sahil boyunca məhəccərlərə diqqətsizlik göstərilməsini ürək ağrısı ilə vurğuladılar. Eyni zamanda park ətrafında əyləncə vasitələrinin normadan artıq yerləşdirilməsi narazılıqla qarşılandı. Bu istiqamətdə jurnalistlər şəhər rəhbərliyi ilə birlikdə fəaliyyət göstərməyə hazır olduqlarını diqqətə çatdırdılar.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Mətbuat Günündə belə aktual məsələlərin qaldırılmasını vacib hesab edərək hər bir mətbuat işçisinə, jurnalistə minnətdarlığını bildirdi. Bu məsələlər üzərində diqqətlə araşdırmalar aparılmasının vacibliyini söylədi. Eyni zamanda şəhərdə yaşıllıqlara göstərilən qayğının artırılması məqsədilə aparılan işlərdən bəhs etdi. Suvarma sistemlərinin yenidən qurulmasını və bunun köklü şəkildə şəhərin yaşıllıq zolağına müsbət təsir edəcəyini bildirdi. Jurnalistlərdən daha operativ, daha obyektiv olmalarını arzu edən şəhər rəhbəri qeyd etdi ki, Azərbaycan İES-də, Sağ sahildə və eləcə də şəhərimizin digər ərazilərində görülən işlərin nəzarətdə saxlanılmasını və ona obyektiv qiymət verilməsinin vacibliyini diqqətə çatdırdı. Gələcəkdə görüləcək işlərdən bəhs edən icra başçısı bu istiqamətdə ciddi işlərə start verildiyini bildirdi.
Mətbuat və Jurnalistika Günü münasibətilə müşavirə zalına toplaşan jurnalistlərə bir daha təbrikini çatdıran şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov onlara yeni yaradıcılıq uğurları arzuladı və daim şəhər icra hakimiyyəti ilə birgə əməli fəaliyyət göstərmələrinin vacibliyini vurğuladı.
Tədbir zamanı şəhərin ictimai-siyasi həyatında fərqlənən jurnalistlərdən "Mingəçevir” qəzetinin müxbiri Mətanət Məmmədovaya və "Yeni Avaz” saytının müxbiri Esmira Hidaytovaya Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olundu.

Xəbər lenti