Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan Şahmat turniri keçirilmişdir

Gürcüstanda Ulu Öndər Heydər Əliyevin 98-ci ildönümünə həsr olunan Şahmat turniri keçirilmişdir
Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü və "SOCAR Georgia” şirkətinin dəstəyi ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan yeniyetmə və gənclər arasında Şahmat turniri keçirilmişdir.

Turnirdə iştirak edən 8-14 və 14-35 yaş arası 32 yeniyetmə və gənclər arasında hər iki yaş kateqoriyası üzrə ilk üç yeri tutan qaliblərinin təltifetmə mərasimi 10 may tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevə həsr olunan Şahmat turnirinin təltifetmə mərasimində Səfir Faiq Quliyev ilə yanaşı, Gürcüstanın Şahmat Federasiyasının prezidenti Giorgi Georqadze, Federasiyanın vitse-prezidenti Valeriy Qaprindaşvili, həmçinin Ümumdünya Şahmat Federasiyasının vitse-prezidenti Akaki Laşvili iştirak etmişdir.

Tədbirin açılış nitqini söyləyən Səfir Faiq Quliyev Gürcüstanda ilk dəfə olaraq birgə idman turnirlərinin keçirildiyini, Səfirlik adından Gürcüstan Hökumətinə qeyd olunan yarışların keçirilməsində göstərdiyi dəstəyə görə minnətdalığını bildirdiyini qeyd etmişdir.

Səfir Gürcüstanın Şahmat Federasiyasının prezidentinin turnirin təltifetmə mərasiminə qatılmasının Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə göstərilən ehtiramın bariz nümunəsi olduğunu qeyd etmişdir.

Daha sonra çıxış edənlər Gürcüstanın Şahmat Federasiyasının prezidenti Giorgi Georqadze, Federasiyanın vitse-prezidenti Valeriy Qaprindaşvili, həmçinin Ümumdünya Şahmat Federasiyasının vitse-prezidenti Akaki Laşvili Ulu Öndər Heydər Əliyevin Gürcüstanın yaxın dostu olduğunu, Ulu Öndərə nisbətdə bugün də gürcü xalqının böyük sevgi və rəğbətlə yanaşdığını bildirmişlər.

Daha sonra turnir iştirakçılarına sertifikatlar, qaliblərə isə medal, diplom və pul mükafatları təqdim olunmuşdur.

Turnirin yekununda kollektiv xatirə fotosu çəkilmişdir.
 
 
 
 
 
 

Xəbər lenti