“Fransa parlamentini sirkə çeviriblər” - Bakıdan növbəti reaksiyalar

“Fransa parlamentini sirkə çeviriblər” - Bakıdan növbəti reaksiyalar
Fransanın Azərbaycana qarşı qərəzli münasibəti, ikili standartlara söykənən siyasəti bitmək bilmir. Ölkələrarası münasibətlərdə gərginlik son günlərdə daha da artıb. Görünən odur ki, Makron Fransası II Qarabağ savaşında, son olaraq da ötən ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarında erməni terrorçularının darmadağın edilməsini, Xankəndidəki separatçı rejimin tarixin zibilliyinə gömülməsini qəbullana bilmir. 

Qeyd edək ki, Bakı-Paris münasibətlərindəki son gərginliyə səbəb ötən həftə Azərbaycan əleyhinə Fransa Senatının növbəti dəfə qətnamə qəbul etməsi oldu. Senat üzvləri həyasızcasına Azərbaycanı "Qarabağa hərbi təcavüz etməkdə”, ermənilərə qarşı "etnik təmizləmə”də ittiham etdi. 

Azərbaycan tərəfinin isə bu həyasızlığa cavabı dərhal gəldi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat yaydı.

Bəyanatda Senatın qətnaməsi qərəzli, birtərəfli və əsassız adlandırıldı. Həmçinin bəyanatda Fransaya qarşı sanksiyalar çağırışı da yer aldı...


Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev burada itirən tərəfin rəsmi Paris olduğunu vurğuladı: "Fransanın hazırda bizə göstərdiyi münasibət heç bir məntiq və əndazəyə sığmır. Bunlar ancaq erməni təşviqi ilə hərəkət edirlər, erməni diasporunun dili ilə danışırlar, erməni cildinə girərək müxtəlif məkanlardan, məsələn, Senatdan peydahlanırlar. Amma olmamalıydı belə. Fransa belə bir yanlışa imza atmamalıydı. Əsas da bilirsinizmi nəyə görə? Ona görə ki, Azərbaycan Fransaya qarşı uzun illər ərzində bir dəfə də olsun ədalətsizlik etmədi, qeyri-adekvat münasibət göstərmədi, Fransanın ayağını tapdalamadı, iki dövlət arasında hansısa gərginliyə səbəb olacaq addım atmadı. Amma bunun əvəzində Fransa neylədi? Ard-arda riyakarlıq, həqarət nümunələri sərgilədi,  erməni fətvası ilə özünü ucuzlaşdırdı, Azərbaycanın dost münasibətini, bu günə qədər Fransada reallaşdırdığımız layihələri, elədiyimiz yaxşılıqları, verdiyimiz dəyəri, qoyduğumuz hörməti görməzdən keçdi.
 
 
 Elşən Musayev:
 
Elşən Musayev: "Biz Fransaya daha çox lazımıq”

Hazırda mövzu ilə bağlı ən çox verilən sual da belədir: Bundan sonra nəyisə dəyişmək, yaxşılığa doğru düzəltmək mümkündürmü? Şəxsən mən inanmıram. Çünki artıq Fransa tərəfindən bütün qırmızı xətlər keçilib. Üstəlik, aşırı, nadanca, nankorca keçilib.

Fransa bizə nə qədər lazımdır, bilmirəm. Amma orasını dəqiq bilirəm ki, biz Fransaya onların bizə lazım olduğundan ən azı yüz dəfə daha çox lazımıq. Ona görə də dinamika bu şəkildə davam etsə, itirən biz yox, Fransa olacaq.

Gündə yüz qətnamə çıxarsınlar. Nə mənası? Nə əldə edəcəklər? Nə dəyişəcək? Hədəflərinə çata biləcəklərmi? Əsla və əsla!

Fransa da, onun Senatı da, senatorları da, qətnamələri də bizim üçün heç kim və heç nədir! Biz belə şeylərə öyrəncəliyik. Həqiqətən  gülməlidir. Özlərini kloun kimi aparırlar. Çünki parlamentlərini sirkə çeviriblər.

Hesab edirəm ki, Fransa düşmənçiliyini artan xətt üzrə davam etdirsə, Azərbaycan tərəfindən çox ciddi addımlar atılacaq. Və məlum kontekstdə bütün ikitərəfli  münasibətlərin dayandırılması, səfirliklərin öz fəaliyyətlərinə xitam verməsi də istisna deyil".

 Bəhruz Məhərrəmov: Separatçılığı təbliğ edən media orqanlarının Azərbaycanda fəaliyyətinin dayandırılması məsələsinə baxılmalıdır
 
Bəhruz Məhərrəmov: "Fransa xalqı iqtisadi maraqları naminə çürük Makron rejiminə yerini göstərməlidir”

Deputat Bəhruz Məhərrəmov diqqətə çatdırdı ki, dövlətlərarası münasibətlər bir qayda olaraq hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurulur: "Münasibətlərin inkişafı adətən iqtisadi və ticari əsaslara söykənir, mədəni-humanitar əsaslarla möhkəmlənir. Dövlətlər arasında fikir ayrılığı, fərqli siyasi maraqların toqquşması yaşandıqda belə, ölkələr bir qayda olaraq gərginliyin ticari və humanitar əlaqələri zədələməməsinə çalışır. Yəni daha konkret desək, ticari və mədəni bağlar ən çətin günlərdə belə dövlətlərarası körpü rolunu oynayır. Bu gün Fransa-Azərbaycan münasibətlərini təhlil edərkən aydın görünür ki, əgər Fransa beynəlxalq hüquqa hörmətlə yanaşarsa, Paris və Bakı arasında siyasi əlaqələrin gərginləşməsi üçün heç bir zəmin qalmaz. Yəni münasibətlərin gərginləşməsi real əsaslara və Fransanın özünün dövlət maraqlarına ziddir. Lakin Makron rejiminin yürütdüyü siyasət bu gün Fransanın Cənubi Qafqazdakı dövlət maraqlarının lobbi maraqlarına qurban verildiyini göstərir. Üstəlik, Makron iqtidarının səbatsızlığı yalnız siyasi mövqelər yox, Fransanın Cənubi Qafqazdakı iqtisadi perspektivlərinin də bloklanmasına səbəb olmaqdadır. Xüsusən Fransanın Azərbaycana münasibətdə sanksiyalardan bəhs etməsi Paris üçün zərərli və ağılsız populizmdən başqa bir şey deyil. Rəsmi statistikaya görə, bu gün Fransanın Gürcüstan və Ermənistanla ticarət dövriyyəsi birgə götürüldükdə Azərbaycan-Fransa ticari dövriyyəsindən geri qalır. Azərbaycanın Fransada münasibətlər korlanacağı halda iqtisadi zərbəyə səbəb olacaq köklü investisiyası yoxdur. Əksinə, Fransa Qafqazda ən çox məhz Azərbaycana investisiya qoyub, "Total" şirkətlər qrupunun timsalında ən iri Fransa şirkətləri Azərbaycanla əməkdaşlıq edir. Bu reallığın fonunda Fransanın Azərbaycana münasibətdə sanksiyalardan dəm vurması, sadəcə, siyasi yarıtmazlıq, qeyri-adekvat və isterik davranışdır. 

Üstəlik, Azərbaycanın Şərqlə Qərb arasında özünün körpü rolunu artırdığı, Avropanın nəhəng enerji təchizatçısına çevrilməkdə olduğu, habelə Orta Asiya üçün Avropadan yeganə təhlükəsiz dəhlizə çevrildiyi bir vaxtda. Təbii ki, Azərbaycan heç bir dövlətlə münasibətlərinin, ələlxüsus iqtisadi münasibətlərin zərər görməsini arzulamır, o cümlədən Fransa ilə ticari tərəfdaşlığın pozulmasında maraqlı deyil. Lakin münasibətlərin hazırkı mərhələyə qədəm qoyması Bakının yox, birbaşa Parisin təqsiridir. Hesab edirik ki, Fransa xalqı, o cümlədən fransız iş dünyası bu proseslə bağlı artıq mövqe göstərməli, Fransanın iqtisadi maraqları naminə çürük Makron rejiminə yerini göstərməlidir. Əks halda, Fransanın Cənubi Qafqazdakı məğlubiyyəti siyasi və iqtisadi müstəvilərdə qalmaqla kifayətlənməyəcək".

 
 
 

Xəbər lenti