Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”

Fərid Cəfərov: “Vətən müharibəsi dövründə xaricdə təhsil alan tələbələrimiz erməni yalanlarına tutarlı cavablar verirdi”
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə "ASAP Forum 2022”-nin Bakıda Gülüstan sarayında açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, forumda iştirak edən tələbə və məzunlar artıq xaricdə qalib ölkənin vətəndaşı, hüququ bərpa olunmuş şəxs kimi yaşayır. "Biz artıq qailb ölkənin vətəndaşlarıyıq. Ali Baş Komandanın iradəsi nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı azad etdi. Bu hadisənin xaricdə yaşayan tələbələrimizə əlavə stimul verəcəyindən əminəm. Vətən müharibəsi dövründə xaricdə yaşayan və təhsil alan tələbələrimiz informasiya müharibəsində erməni yalanlarına tutarlı cavablar verirdi. Xaricdə təhsil alan tələbələrimiz orada təhsillə yanaşı, həm də Azərbaycanın dövlət maraqlarının müdafiəsini həyata keçirirdi. Bu, hər bir vətəndaşımızın borcudur”, – F.Cəfərov deyib.

O bildirib ki, növbəti 3-4 günü ərzində xaricdə təhsil alan 300-dən çox tələbə və məzunlar bu Forumdan yararlanacaq: "Onlar bir çox dövlət qurumları və ictimai xadimlərlə müzakirələr aparacaqlar. Əminəm ki, bu müzakirələr həm dövlətimiz, həm də ASAP-ın özünün inkişafı üçün, eyni zamanda, fərqli sahələrdə maraqlı təşəbbüs və layihələrin ərsəyə gəlməsində əsas olacaqdır. Həmçinin, Form çərçivəsində fərqli təhsil pillələri və ixtisas sahələri üzrə tamamilə müxtəlif regionlarda təhsil alan tələbələrin bir araya toplaşması, həm də gənclərin sosiallaşması, fərdi inkişafı və ən vacibi, Azərbaycanın maraqlarının ölkə hüdudlarından kənarda daha da yüksək səviyyədə təşviq olunmasına təkan verəcəkdir”.

Fərid Cəfərovun sözlərinə görə, dövlət başçısı tərəfindən müəyyən olunmuş gənclər siyasətinin əsas qayəsi hər bir gəncin təhsilli, savadlı, vətənpərvər və sağlam yetişməsidir: "İstinasız deyə bilərik ki, bir çox normativ hüquqi sənədlərdə bununla bağlı müddəalar öz əksini tapıb. Təbii ki, burada təhsil elementi hər bir ölkənin intellektual potensialının inkişafı baxımından xüsusi önəm daşıyır. Beynəlxalq təcrübənin öyrənilməsi və gələcəkdə tətbiq olunması yüksəkixtisaslı mütəxəssislər üçün ən əsas amillərdən biridir. Bu məqsədlə də dövlət tərəfindən gənclərin xaricdə həm təhsili, həm də təcrübəsi ilə bağlı bir çox proqramlar həyata keçirilir.

Təmsil etdiyim Gənclər Fondu beynəlxalq sferada bir sıra proqramlarla gənclərin beynəlxalq təcrübəsinin və təhsilinin artırılmasına dəstək verməyə davam edir. Bu gün zalda bu proqramlardan yararlanan gəncləri görmək ikiqat sevindiricidir. Gənclər Fondu olaraq növbəti illərdə də, xüsusilə, beynəlxalq təşkilatlarda təcrübə proqramlarını və xaricdə gənclərimizin ixtisaslı kurslarda təlim proqramlarını davam etdirmək niyyətindəyik”.

Xəbər lenti