Fərid Cəfərov Mingəçevir Gənclərinin qonağı olub

Fərid Cəfərov Mingəçevir Gənclərinin qonağı olub
12 Avqust – Beynəlxalq Gənclər Günü ilə əlaqədar Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərlə görüşüb və onların suallarını cavablandırıb. 
"Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mingəçevir nümayəndəliyi və "İşıqlı Gələcək” GİB-in təşkilatçılığı ilə "Gənclərin Şəxsi İnkişaf və Karyera Məktəbi" layihəsi çərçivəsində keçirilən görüşdə Fərid Cəfərov gənclərə fondun fəaliyyəti, gənclər üçün yaratdığı imkanlar, görülən işlər və onları gözləyən yeniliklərlə bağlı məlumat verib.
Gənclərin suallarını səmimiyyətlə cavablandıran icraçı direktor yaxın zamanda elan olunan və gənclər tərəfindən xüsusi marağa səbəb olan "İdeyanı Reallaşdır – 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsinin istiqamətləri, layihələrin qiymətləndirilməsi mərhələlərindən danışıb.
Bugünkü gəncliyin daha vətənpərvər, özgüvənli, aktiv olduğunu deyən Fərid Cəfərov ictimai fəaliyyətlə məşğul olmağın üstünlüklərinə toxunub və 5-10 il öncə ilə müqayisədə bugünkü imkanların çoxluğuna, əlçatanlığına diqqət çəkib. 
Gənclərə hər zaman irəli doğru addımlamağı, motivasiyadan düşməməyi, aktiv olmağı tövsiyə edən Fərid müəllim bu sahədəki təcrübələrini bölüşüb.
Sonda xatirə şəkli çəkdirən gənclər səmimi və maraqlı görüş üçün öz təşəkkürlərini bildirib.


Xəbər lenti