Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”

Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
"Zəngəzur dəhlizinin tezliklə açılması regionda gələcək sülhün fundamental elementlərindən biridir”.  Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

"Bizim üçün bu yol açılmasa, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistan ilə normal birgə yaşayış və qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq”, - dövlət başçısı xəbərdarlıq edib.

Prezident Ermənistanın müvafiq bəyanatı imzaladığını və bu səbəbdən, Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını tələb etmək hüququna malik olduğunu vurğulayıb. Azərbaycan lideri bununla sözsüz ki, ilk növbədə, rəsmi İrəvanın üçtərəfli bəyanatlarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədiyinə diqqət yönəldərək, Bakının ciddi narazılığını ifadə edib, İrəvanın isə qeyri-konstruktivliyini nəzərə çatdırıb, eyni zamanda, qarşı tərəfə xatırlatma və xəbərdarlıq edib. Bəs Ermənistan yenə vaxtı uzatmağa çalışsa, Bakının hansı sürprizləri ilə üzləşə bilər?
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır - AZƏRTAC
Elşən Musayev: "Bu dəhlizin açılması tək bizə yox, özlərinə də lazımdır”

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev əminliklə bu məsələnin qısa zamanda həll olunacağını ifadə etdi: "Zəngəzur dəhlizinin açılması son zamanlar müzakirə predmeti olan ən kritik mövzulardan biridir. Səbəbkar isə Ermənistandır. Çünki vədinə, üçtərəfli bəyanatlarda öz üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Ermənistan hər zaman olduğu kimi cığallığa, mövzudan yayınmağa, verdiyi sözdən qaçmağa meyllidir. Üstəlik, onu da anlamırlar ki, bu dəhlizin açılması tək bizə yox, elə özlərinə də lazımdır. Amma yenə də uzada-uzada gedirlər, öz aləmlərində vaxt udurlar, zaman qazanırlar, nəyisə öz xeyirlərinə dəyişdirə biləcəklərini düşünürlər. Amma heç şübhəsiz ki, yanılırlar. Çünki alternativ yoxdur. Üstəlik, erməni özbaşına deyil ki, ağlı kəsən formada hərəkət eləsin. Dəhlizi açmayacaq, açdıracağıq! Sözündən qaçsa, ünvana qədər qovacağıq. Bir daha qeyd etmək istəyirəm: Ermənistanın öz üzərinə götürdüyü rəsmi öhdəliklər var və həmin öhdəliklərin  içində ən prinsipial bəndlərdən biri məhz Zəngəzur dəhlizinin açılmasıdır.  Cənab Prezident də Qlobal Bakı forumundakı çıxışında aydın şəkildə bildirdi ki, bu yol açılmasa sülh haqqında danışmaq çətin olacaq. Gerçək də budur: məlum dəhliz bir tək iqtisadi və tranzit rolunu oynamır. Bu dəhlizin açılması həm də regionda sülhün təminatına yönəlik xüsusi xarakter daşıyır. Və ən əsas məsələ; Zəngəzur dəzliizinin açılması sadəcə ideya deyil, razılaşmadır, Ermənistanın öz üzərinə götürdüyü öhdəlikdir. Öhdəliyi də götürübsə, əməl etsin. Etməsə, etdirəcəyik”.
Azər Hüseynov:
Azər Hüseynov: "Bir də gördülər Azərbaycan tarixi torpaqlarımıza hüquqi qayıdış layihəsini işə salıb”

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın Ermənistanla sülhə getməkdən başqa yolunun qalmadığını söylədi: "Dövlət başçısının bəyanatı onu deməyə əsas verir ki, Zəngəzur dəhlizi inşallah açılacaq. Çünki Azərbaycan bu məsələdə qətiyyət göstərir. Həm də Ermənistanın yadına salır ki, onun başqa variantı yoxdur. Daxildə ciddi ziddiyyətlər yaşayan Ermənistan Azərbaycanla üçüncü savaşa getsə, özünü məhv edər. Ermənistan ümumiyyətlə, dövlət olaraq qalmaq istəyirsə Azərbaycanla sülhə getməlidir. Dövlət başçısı prosesləri ən yaxşı bilir. Əgər belə bir bəyanat səsləndirirsə, deməli məqamıdır. Nə üçün? Ukrayna müharibəsi beynəlxalq tranziti pis günə qoyub. Əslində Rusiya belə bu gün Zəngəzura ehtiyac duyur. Digər yanda Çin ehtiyac duyur. Zəngəzur dəhlizinin işləməsi ehtimal edilən beynəlxalq qida böhranının qarşısının alınması üçün lazımdır. Belə bir dəhliz həm də Turan geoproyekti üçün lazımdır. Ermənistan hakimiyyətinin nala-mıxa vurması sadəcə, zaman uzadır və özlərini bədbəxt edir. Zəngəzur layihəsi həm də Qarabağ və Şərqi Zəngəzurda inşa edilmiş hava limanları və yolların intensiv işləməsi deməkdir. Dövlət başçısı Ermənistandakı revanşizm xəstələrinə mesaj verir ki, ağıllı olun. Bir zaman gələr, biz yeni hərbi doktrina qəbul edərik ki, Cənubi Qafqazda sülh və stabilliyə, təhdidlərə qarşı önləyici zərbə hüququmuz var. Onda nə edəcək Ermənistan? Nə Fransa durub Avropadan onun üçün gələsi deyil, nə Azərbaycanda milyardlıq layihələrdə iştirak edən Amerika onun üçün vuruşan deyil, nə də Paşinyandan zəhləsi gedən və hazırda Azərbaycanla tərəfdaşlıqda maraqlı olan Rusiya onun üçün vuruşası deyil. Ermənistanda əslində bunu anlayırlar. Amma sadəcə arada siyasi ”patı" onları hallandırır. Daha sonra yenə boyunlarını büküb danışıqlara gəlirlər. Amma siyasi "patı” atmaqda davam etsələr, bir də görəcəklər ki, Azərbaycan tarixi torpaqlarımıza hüquqi qayıdış layihəsini işə saldı".
Paşinyan Brüsselə yeni
Asif Nərimanlı: "Dəhliz məntiqinin yenidən gündəmə gətirilməsi...” 

Siyasi analitik Asif Nərimanlı Azərbaycan tərəfin burada iki gediş etdiyini bildirdi: "Prezidentin çıxışı göstərdi ki, Brüsseldə Zəngəzur dəhlizinin İrəvanın istəyinə uyğun ”yol məntiqi" ilə açılması üzərində şifahi razılaşma olsa da, Bakının dəhliz məntiqi dəyişməyib. Azərbaycan Naxçıvana maneəsiz çıxışın yaradılmasını tələb edir və bunun üçün imzaların atıldığı üçtərəfli bəyanatın icrasını istəyir. Dəhliz məntiqinin yenidən gündəmə gətirilməsi eyni zamanda, Rusiya və Türkiyənin bölgədə birgə fəaliyyəti aktivləşdirmək istəyindən qaynaqlanır. Lavrovun Ankara səfəri bu perspektivi önə çıxardı və bu, Brüssel masasını müəyyən qədər arxa plana keçirə bilər.

İlham Əliyev mümkün perspektiv fonunda Zəngəzurdan maneəsiz çıxışı önə sürür və üçtərəfli razılaşmaların icrasını tələb edir. Bakı buna qarşı daha çox diplomatik təzyiq vasitəsindən istifadə edə bilər. Prezidentin Laçın dəhlizindən maneəsiz keçidə icazə verdiyimizi və Zəngəzur dəhlizində adekvat addımın atılmadığını dilə gətirməsi deməyə əsas verir ki, Bakı dəhlizlərin eyni rejimlə işləməsi prinsipini irəli sürəcək. Bununla Rusiya üzərindən Ermənistana təzyiq edilə bilər. Çünki Moskva Laçında gömrük-keçid məntəqəsinin qurulmasında maraqlı deyil, o cümlədən, Zəngəzurda təhlükəsizliyə özü nəzarət etmək niyyətindədir, bu üçtərəfli bəyanatda da əksini tapıb. Rəsmi Bakı iki gediş edir: Laçından maneəsiz keçidin bağlanmasını gündəmə gətirməklə, Zəngəzurdan maneəsiz keçidə nail olmaq istəyir, Ermənistan maneəsiz keçid verməsə Laçında eyni rejimi tətbiq etmək məsələsini aktuallaşdırmaq imkanı qazanır. Prezidentin Laçın dəhlizindən ilk dəfə "Laçın yolu” olaraq bəhs etməsi bu kontekstdə təsadüfi deyildi. Bununla yanaşı, Azərbaycan sülh sazişi də daxil olmaqla bölgə üzərində razılaşdırılan bütün məsələlərin həlli üçün Zəngəzur dəhlizindən maneəsiz keçid şərtini önə sürə bilər. Prezident də çıxışında bunun mesajını verdi".

Xəbər lenti