“Dünyanı bu imperiyalar idarə edəcək...” - BMT, Beynəlxalq hüquq arxivə verilir?

“Dünyanı bu imperiyalar idarə edəcək...” - BMT, Beynəlxalq hüquq arxivə verilir?
"Dünya XXI əsrin yeni imperializminin siyasətini müəyyən etməyə icazə verəcək şəxslərə bölünür”.

Bunu rusiyalı tanınmış jurnalist Maksim Şevçenko deyib.

"Amerika, Britaniya, Fransa, Osmanlı, yeni Rusiya, Çin imperiyaları olacaq. Ola bilsin, bu, İranda da alındı. Amma İranın imperiya layihəsi ilə bağlı problemləri var. Ambisiyaları mövcuddur, amma layihələri yoxdur. Bu ölkələr (hansısa formada Yaponiya) insanlığın gələcəyini müəyyən etməlidirlər. Millətlərin öz müqəddəratını müəyyən etmək haqları bitdi. Onlara özlərini necə aparmaları üçün Moskva, Vaşinqton, London, Ankara, Paris və Pekindən göstərişlər veriləcək”, - Şevçenko iddia edib.

Belə çıxır, bəşəriyyət öz inkişaf tarixində geriyə gedir, beynəlxalq hüquq arxivəmi verilir? XXI əsrdə klassik anlamda imperiyaların bərpası nə dərəcədə realdır.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev indiki vaxtda imperiyaların yaranmasını tamamilə mümkünsüz sayır. O, hətta bəzi dövlətlərin parçalana biləcəyini də mümkünsüz saymır: "Bütün dövrlərdə ”hegemon dövlət" və "fövqəl güc” anlayışları mövcud olub. Tarix boyunca, yəni sivilizasiya dövlət formatına keçdiyi gündən bəri dünya buna şahidlik edib. İndi də coğrafi mövqeyinə, resurslarına, tarixinə və illərdir formalaşmış olan ənənəsinə görə təsir imkanlarına malik xeyli dövlətlərin var olduğunu kimsə istisna etmir. Amma və lakin, indi söhbət 21-ci əsrdən gedir. O əsrdən ki, artıq ölkələrin beynəlxalq hüquqla tənzimlənən əraziləri, sərhədləri və eyni zamanda uzun illərdən bəri adəti hüquqla formalaşan dil və din uyğunlaşmaları var. Qısa desəm, oturuşmuş sistem var. Onu dəyişmək mümkündürmü? Qətiyyən. Bəli, o ayrı məsələdir ki, beynəlxalq hüququn qlobal mövzularda icra mexanizmləri bəzən işləmir. BMT-nin qəbul etdiyi qətnamələr belə bəzən özünü real həyata transfer etməkdə acizdir. Fəqət, nəticə etibarilə yenə imperializmə qayıdış mümkün deyil. Çünki dövlətlər dövlət olması, millətlər millət olması üçün tarix boyunca mübarizə aparıb, qurbanlar verib, məhrumiyyətlər yaşayıb. Bu, həm də genetik yaddaşdır və həmin yaddaşı pozmaq hansısa gücün imkanları daxilində deyil. Dünya hazırda sivilizasiyanın ən üst mərhələsindədir, bəşəriyyətin siyasi təfəkkürü ən uzaq periferiyalarda da inkişaf edib, təşəkkül tapıb və nəhayət: bayaq söylədiyim kimi, millətlərdə genetik yaddaş, genetik kod formalaşıb.
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır - AZƏRTAC

Elşən Musayev

Dünyada güc savaşı hər zaman olub və bundan sonra da olacaq. Həmin savaş silahla da mümkündür, informasiya formasında da, diplomatik üsulla da. Hər halda bəşəriyyət tarix boyunca geniş həcmli dünya müharibələrindən, "soyuq müharibə”lərdən, "narıncı inqilablardan”, "beyin mərkəzləri”nin düzənlədiyi çevirilişlərdən belə bir çox qlobal dəyişimlərə şahidlik edib. Fəqət, indi dövr başqadır. İndi köhnə qaydalar və üsullar dominant deyil. Kimsənin də taleyini beynəlxalq hüquq-filan həll etmir. Hazırkı dövrdə mövcud və gələcək müqəddəratını müəyyənləşdirmək, suverenliyini qorumaq, siyasi müvazinətini saxlamaq istəyirsənsə, özün güclü olacaqsan, özün öz ayağın üstündə duracaqsan, özün öz taleyini həll edəcəksən. Eynən Azərbaycan kimi! Bundan sonra bəşəriyyət qlobal imperializmə heç zaman "hə” deməyəcək. Əksinə, ola bilər ki, məhz haqqında danışılan bəzi fövqəlgüclər, dövlətlər özləri parçalansın və həmin ərazilərdə başqa siyasi formasiyalar yaransın".
Musa Qasımlı: Prezident İlham Əliyevin regionlara göstərdiyi diqqət əvvəllər şəhərlərə axın edən rayon sakinlərinin yenidən geri

Musa Qasımlı

Deputat Musa Qasımlı da dünyanın heç bir halda keçmişə qayıtmayacağını düşünür: "Rusiya-Ukrayna müharibəsindən sonra dünyanın daha əvvəlki kimi olmayacağı hamıya aydındır. Geniş mənada baxsaq, bu müharibənin qalibi olmayacaq. Bu müharibə göstərdi ki, BMT artıq funksional deyil. Uzun illər biz bunu özümüzlə bağlı qəbul edilən qətnamələrin yerinə yetirilməməsində görürdük. Belə olduqda sual yaranır: Əgər BMT funksional deyilsə, o zaman dünya necə olacaq? Fikrimcə, dünyanın necə olacağına dair strateji baxışları cənab Prezidentimiz İlham Əliyev bu günlərdəki müsahibələrinin birində söylədi. Həmin fikirlərin məğzi bundan ibarət idi ki, BMT yenidən qurulmalı, qurumun Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayı artırılmalıdır. Heç kəsə sirr deyil ki, hazırda baş verənlər dünyada nizamsızlığın göstəricisidir. Xalqlar artıq bu vəziyyəti qəbul etmirlər. İmperiyaların yaranıb-yaranmaması məsələsini isə, zaman göstərəcək. Amma hesab edirəm ki, dünya keçmişə qayıtmayacaq. Problemlər yaradan, dünyanın başağrısına çevrilən ölkələrin artıq əvvəlki coğrafiyada mövcudiyyətini saxlamaq çətin olacaq”.  

Xəbər lenti