Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan qeybəti

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan qeybəti
Ermənistan nümayəndələri  yenə yalan danışıb ağlaşdılar...
BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində (BƏM)  Azərbaycanın və Ermənistanın qarşılıqlı şikayəti üzrə ictimai dinləmələr başlayıb. 

İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutub. Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun hakimlik edir.

Qeyd edək ki, Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. 

İlk olaraq Ermənistanın müraciətinə baxılıb.

"Beynəlxalq Ədalət Məhkəməsi təcili tədbir görməsə, Dağlıq Qarabağ erməniləri çətin seçim qarşısında qalacaq: ya ata-baba yurdlarını tərk edəcəklər, ya da orada qalıb aclıqdan öləcəklər”. Bunu Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia üzrə dinləmə zamanı Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib. 

Yeqişe Kirakosyan ağlaşma quraraq deyib ki, guya tibbi yardım göstərilmədiyi üçün bir nəfər dünyasını dəyişib, mağazaların rəfləri boşdur, məhsullar kartlarla paylanır, dərman və digər tibbi ləvazimatların ciddi çatışmazlığı var. O iddia edib ki, Azərbaycan ekoloqlarının aksiyasına heç bir əsas yoxdur. Erməni "hüquq nümayəndəsi” deyib ki, Azərbaycanın bu aksiya ilə qarşısına qoyduğu əsas vəzifə erməniləri "öz torpaqlarından çıxarmaqdır”. 

Kirakosyan Azərbaycan Prezidenti İlham Əliyevin  çıxışını kontekstən çıxararaq "sitat gətirib”. "O deyib ki, əgər kimsə bizim vətəndaş olmaq istəmirsə, deməli, yol açıqdır, gedə bilər, heç kim onlara mane olmayacaq. Onlar ya sülhməramlıların himayəsi altında, ya da avtobusla gedə bilərlər”. Kirokosyan sonra "izahat da verib”: "Yəni etnik ermənilər Qarabağa girə bilməz, ancaq onu tərk edə bilər”. O, məhkəməni   "Qarabağ ermənilərinin son ümidi” adlandırıb.

Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın maraqlarını müdafiə edən  vəkil  Lourens Martin də blokada ilə bağlı yalanları davam etdirib. Vəkil Qarabağ ermənilərinin Azərbaycan ərazilərindəki vandallıqlarına haqq qazandırmaq üçün deyib ki, azərbaycanlılar Xəzərin ekoloji problemləri ilə məşğul olmalıdırlar.

Yanvarın 23-də Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi 30 illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərərçəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.

Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Elşən Musayev: Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsidir -
 Elşən Musayev 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ermənistanın rüsvay olmamaq üçün bu cür yollara əl atdığını qeyd etdi: "Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan tərəfinin qaldırdığı iddia qabaqdangəlmişlikdən və riyakarlıqdan savayı bir şey deyil. Üstəlik, bunu özləri də yaxşı bilirlər, sadəcə, boyunlarına almırlar. Çünki arsızdırlar, utanmazdırlar, abırsızdırlar. 30 il ərzində Azərbaycanın əzəli torpaqlarını viran günə qoyanlar indi hansı sifətlə şikayət edirlər, nəyisə tələb edirlər? Haaqada Ermənistanın nümayəndəsi, hüququn "h" hərfindən anlayışı olmayan Yegişe Kirakosyan hansı üzlə ittiham səsləndirir və deyir ki, Ədalət Məhkəməsi tədbir görməsə, guya soydaşlarını ağır aqibət gözləyəcək? Niyə artistlik edir bu binəvalar, niyə yazıq sima alıblar yenə? Xocalı faciəsini törədən siz deyilsizmi? Ağdamın daşını-daş üstdə qoymayan siz yaramazlar deyilsizmi? 1 milyon insanı 30 il boyunca öz evindən, elindən-obasından didərgin salan siz deyilsizmi, sənin təmsil olunduğun yırtıcı, vandal dövlət deyilmi, ay Kirakosyan?

Məncə, bu iddiaları irəli sürməkdə Ermənistanın məqsədi odur ki, gələcəkdə onları gözləyən ağır aqibətdən yayınsınlar. Çünki gözəl başa düşürlər ki, Ermənistan günlərin birində Beynəlxalq Ədalət Məhkəməsində törətdiyi bütün cinayətlərə görə cavab verəcək və təzminat ödəyəcək. Bu səbəbdən də düşmən tərəf, vandal Ermənistan prosesi önləməyə, daha dəqiqi: az da olsa önləməyə çalışır. Amma alınmayacaq! Qanundan və ədalətdən qaçış yoxdur!"

ABŞ Nümayəndələr Palatası ermənipərəst layihəni rədd etdi
Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan və Ermənistanın şikayətləri ilə bağlı ictimai dinləmələrin keçirilməsi əslində Azərbaycan tərəfinin ermənilərin iç üzlərini açması üçün əlavə bir tribunadır: "Burada məsələyə obyektiv qiymət verilməsi dinləmələri təşkil edənlərdən nə qədər asılıdırsa, bir o qədər Azərbaycan tərəfinin 30 ildən artıq bir dövrdə Ermənistanın terrorçu və işğalçı fəaliyyətini real faktlarla ortaya qoymasından da asılıdır. Dinləmələrin harada, kimlər tərəfindən keçirilməsindən asılı olmayaraq bütün hallarda kimsə Azərbaycanı milli, dini ayrı-seçkilikdə ittiham edə bilməz, çünki bunun üçün heç bir fakt yoxdur. Əksinə, Ermənistanı sadaladığım bütün sahələrdə faktlarla, sənədlərlə ittiham etmək mümkündür və bu ittihamın nəticəsi olaraq həm təzminat, həm də cinayətkarların cəzalandırılması tələblərini də irəli sürməliyik. Həyasızlığın son həddidir ki, öz ərazindən 200 mindən artıq soydaşımızı qovasan, sonra Azərbaycanın ərazilərinin təxminən 20 faizini işğal edib insanları əsir götürəsən, öldürəsən və nəticədə bir milyona yaxın insanı qaçqın halına salasan və sonra Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etmək üçün cəhdlər edəsən. Dinləmələrdə Azərbaycanı təmsil edəcək rəsmilərin əllərində kifayət qədər sənədlər, arqumentlər, faktlar var ki, Ermənistanı insanlıq əleyhinə fəaliyyətdə ittiham etsinlər, irqi ayrı-seçkiliyin başında onların durduğunu göstərsinlər. Təkcə bir faktı - Ermənistanda digər millətlərin demək olar ki, yaşamamasını, bununla da mono-dövlət adını almasını göstərmək irqi ayrı-seçkiliyin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanda isə müxtəlif millətlərin, etnik qrupların, hətta ermənilərin yaşaması faktı isə bütün dünyaya məlumdur. Yəni istənilən halda dinləmələrdə Azərbaycan tərəfinin şikayətinin daha əsaslı və reallığı əks etdirən faktlarla müşayiət olunacağı şübhəsizdir. Ermənilərin isə Azərbaycanı ittiham edən şikayətinin şər-böhtan olmasını prosesləri az-çox bilən istənilən beynəlxalq mütəxəssis yaxşı bilir. Digər tərəfdən, xaricdə, o cümlədən BMT institutlarında müəyyən güclər var ki, onlar Azərbaycanı ittiham etmək üçün hər zaman müxtəlif səbəblər axtarışındadırlar və o səbəbdən ermənilərin yalanlarından belə istifadə edə bilərlər. Amma dediyim kimi, mövqelərimiz kifayət qədər güclü və aydın olduğundan belə dinləmələrlə heç nəyə nail ola bilməyəcəklər. Əvəzində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi bütün cinayətləri belə situasiyalardan istifadə etməklə dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”.

Xəbər lenti