"Akelik Group" şirkətinin rəhbəri: "Düşmənə öz birliyimizi, xalqın öz lideri ətrafında birləşdiyini nümayiş etdirməyin vaxtıdır"

"Akelik Group” Azərbaycanın bir sıra keçmiş sovet respublikalarında və Avropanın bəzi ölkələrində beynəlxalq maliyyə institutları ilə tərəfdaşlıq şəraitinə infrastruktur layihələri həyata keçirən Azərbaycan şirkətidir. Bu günlərdə şirkətin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində gördüyü işlər haqda yazmışdıq. İndi şirkətin idarə heyətinin sədri Süleyman Babayev qonağımızdır. O, "Akelik Group”un fəaliyyətindən, yeni layihələrindən və qazandığı imicdən danışır:

-Bu günlərdə Sizin rəhbərlik etdiyiniz şirkətin Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrində iri su-kanalizasiya sistemləri layihəsini həyata keçirdiyi barədə gürcü telekanallarının yaydığı reportajla tanış olduq. "Akelik Group” şirkəti Gürcüstanda nə vaxtdan təmsil olunur və bir çox ölkələrdən inşaat şirkətlərinin rəqabət apardığı qonşu ölkə bazarında yer tutmaq hansı amillərin sayəsində mümkün olub?

-Bəli, qürurla deyə bilərəm ki, şirkətimiz tərəfindən Gürcüstanda soydaşlarımızın yaşadığı Marneuli və Bolnisi rayonlarını əhatə edən irimiqyaslı su-kanalizasiya sistemləri layihəsi, konkret desək Marneuli şəhərinin su təchizatı və kanalizasiya sisteminin, o cümlədən Bolnisi şəhərinin kanalizasiya sisteminin və kollektor xəttinin tikintisi layihəsi  üzrə işlərimiz uğurla davam etdirilir.

Bu layihənin həyata keçirilməsi sayəsində on minlərlə azərbaycanlının həyat şəraiti, su təchizatı və kanalizasiya sistemlərinə çıxışı əhəmiyyətli ölçülərdə yaxşılaşacaq. Hazırda qızğın iş gedir, Gürcüstan hökumətinin yüksək vəzifəli şəxsləri vaxtaşırı olaraq işlərin gedişini izləyir.

Ümumən isə "Akelik Group” şirkəti 2016-cı ildən Gürcüstanda təmsil olunur. Şirkətimiz əvvəlcə iki regionda irriqasiya layihələrini həyata keçirib. Bunlar Kareli bələdiyysində Zeda Ru suvarma sisteminin baş kanalının yenidən qurulması  , Xaisi və Marabda bələdiyyələrində isə Algeti su anbarı dambasının nəzarət qurğusunun, Tbilisi-Kumisi suvarma sisteminin hidravlik konstruksiyasının bərpası, habelə baş kanalın və su qurğularının yenidən qurulması layihəsidir, işlər 2016-2018-ci illərdə görülərək yüksək keyfiyyətlə tamamlanıb.

2018-ci ildə isə Bolnisi və Marneuli regionlarında su-kanalizasiya sistemlərinin qurulmasına dair elan edilmiş, yüksək rəqabət şəraitində keçirilən tenderi udub.

Təkcə bir faktı deyə bilərəm ki, bu tenderdə bizim əsas rəqblərimiz Fransa və Çin şirkətləri idi. Bu da rəqabətin hansı səviyyədə olması barədə hesab edirəm ki, yetərli təəsürat yaratmağa kifayət edər.

Bizim bu tender barədə ətraflı məlumatlarımız var idi, araşdırmalar aparmışdıq. Çünki əslində tender 2017-ci ildə elan edilmişdi, amma sonradan müxtəlif səbəblərə görə nəticələri ləğv edilmişdi. Şirkətimizin mütəxəssisləri bu zaman fasiləsindən istifadə edib layihənin həyata keçiriləcəyi regionlarda ətraflı araşdırma apardı, detalları ölçüb-biçdik və optimal qiymət təklifi ilə çıxış etdik. Nəticədə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu mühüm layihəni qazandıq.

Əlbətdə,  burada şirkətimizin daha əvvəl Gürcüstanda həyata keçirdiyi, nisbətən kiçik layihələr də mühüm rol oynadı. Çünki üzərimizə götürdüyümüz öhdəlikləri vaxtında yerinə yetirmişdik, işləri yüksək keyfiyyətlə görüb təhvil vermişdik və nəticədə Gürcüstan hökuməti, eləcə də infrastruktur layihələrini maliyyələşdirən beynəlxalq maliyyə institutları qarşısında müsbət reputasiya qazanmışdıq.

 -Gürcüstan layihələrində nə qədər soydaşlarımız işlə təmin olunublar? Onlara nə dərəcədə qaneedici əməkhaqqı ödənilir?

-Gürcüstan layihələrində nəinki bu ölkədə yaşayan soydaşlarımız, eləcə də Azərbaycan vətəndaşlı yüksək maaşlı işlərlə təmin olunublar. Hazırda Gürcüstan layihəmizdə 22 Azərbaycan vətəndaşı işlə təmin olunub, onların orta əmək haqqı 1500 dollardan yuxarıdır. Ən aşağı maaş 700, ən yuxarı maaş 5250 dollar olmaqla. Bununla yanaşı layihədə Gürcüstanda yaşayan 247 nəfər etnik azərbaycanlı-Gürcüstan vətəndaşları çalışır. Onların orta əmək haqqı 900 laridən çoxdur.

-Yeri gəlmişkən"Akelik Group” şirkətinin fəaliyyəti barədə yerli mediada son vaxtlara qədər çoz az məlumata rast gəlinirdi. Bu baxımdan şirkət və onun tarixçəsi barədə ətraflı məlumat verərdiniz. O cümlədən "Alke İnşaat” brendi altında fəaliyyət barədə...

-Bəli, ola bilsin ki, bu belədir. Şirkətimizin peşəkar komandası əsas diqqəti həmişə işə yönəldib, gördüyümüz işləri reklam etməyə ehtiyac duymamışıq. Bütün gücümüzlə çalışmışıq ki, icrasını üzərimizə götürdüyümüz layihələri həcmindən, büdcəsindən asılı olmayaraq maksimum keyfiyyətlə yerinə yetirək. Çünki şirkətimiz müxtəlif beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edir, hansı ki, onların kifayət qədər yüksək standartları və tələbləri var. Bu əməkdaşlığa nail olmaq üçün şirkətin güclü maddi-texniki bazası, müxtəlif sahələr üzrə lazımi texniki göstəriciləri, peşəkar personalı olmalıdır.

Sualınızın ikinci hissəsinə gəlincə isə əvvəllər bizimlə Türkiyənin ALKE AS şirkəti arasında birgə əməkdaşlıq haqda çərçivə sazişi mövcud idi. Biz Azərbaycan tərəfdən partnyor olaraq ALKE ASC-ın idarə edilməsində iştirak edirdik, onlar isə Azərbaycandakı törəmə şirkətin idarə edilməsində praporsional qaydada iştirakçı idi.

2018-ci ildə aramızda yaranan fikir ayrılıqlarına görə biz "ALKE Azərbaycan” şirkətinin hüquqi varisi olan "AKELİK” brendi altında fəaliyyət göstərməyə başladıq. Və  bu brend altında Albaniyada, Ukraynada, Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşdirilən müxtəlif infrastruktur layihələrinə dair tenderlərin qalibi olduq.

-O zaman yeri gəlmişkən, şirkətinizin Gürcüstandan başqa sadaladığınız digər ölkələrdə həyata keçirdiyi layihələr barədə də məlumat verərdiniz...

-Məmuniyyətlə. Məsələn, "Akelik Group” şirkəti Qazaxıstanda "Maxtaaral-1” irriqasiya-drenaj sisteminin yenidən qurulması layihəsini həyata keçirir. İşlərə 2019-cu ilin fevralında başlamışıq, 2021-ci ilin avqustunda yekunlaşdırmağı planlaşdırırıq. Layihə Dünya Bankı tərəfindən maliyyələşdirilir.

Layihə çərçivəsində ümumi uzunluğu 147 kilometrdən çox olan kanallar sisteminin yenidən qurulması, konstruksiyaların bərpası, 30 kilometrə yaxın işçi yolların çəkilməsi, ümumi uzunluğu 191 kilometrdən çox olan kollektor sistemlərinin bərpası, kollektorlarda qurğuların bərpası, körpülərin tikintisi, bərpası, elektrik təchizatını həyata keçirmək üçün 2 yarımstansiyanın tikintisi, avtomatik müşahidə sistemlərinin, o cümlədən kanallarda suyun ölçülməsinin avtomatlaşdırılması və digər işlər nəzərdə tutulub.

Şirkətimizin Qazaxıstanda həyata keçirdiyi digər infrastruktur layihəsi isə Ust-Kameneqorsk şəhərində Oktyabrsk sugötürmə sisteminin bərpasıdır. Sifarişçi şəhər Dövlət Kommunal Müəssisəsidir, layihəni maliyyələşdirən isə digər nüfuzlu beynəlxalq maliyyə institutu-Avropa Yenidənqurma və İnkişaf Bankıdır (ERDB). Layihə şəhərin içməli su təchizatının yaxşılaşdırılmasına yönəlib və şirkətimiz bütün işləri yüksək keyfiyyətlə görürlub ve layihə bitib.

Orta Asiyanın digər respublikası Özbəkistanda isə şirkətimiz Djizzak şəhərində ümumi uzunluğu 28 kilometrdən çox olan kanalizasiya kollektorlarının, 2 nasos stansiyasının yenidən qurulması layihəsini həyata keçirib. Layihəni Asiya İnkişaf Bankı (ADB) maliyyələşdirir.

"Akelik Group” Tacikistanda da işləyib və orada Xatlon vilayətinin Danqarin vadisi torpaqlarının qapali suvarma sistemlərinin qurulması layihəsini həyata keçirib. Bu layihəni İslam İnkişaf Bankı (IDB) maliyyələşdirirdi. Tacikistan üçün mühüm bu infrastruktur layihəsini 2017-2019-cu illərdə uğurla həyata keçirib təhvil vermişik. Nəticədə təxminən 1750 hektar əkinə yararlı torpaq sahəsinin suvarma suyu ilə təchizatı mümkün olub.

Lakin şirkətimizin fəaliyyəti təkcə Orta Asiya ilə məhdudlaşmır, Avropa ölkələrində də infrastruktur layihələrinə dair tenderləri qazanmışıq. Belə ki, Albaniyanın kənd rayonlarında su təchizatı sistemlərinin tikintisi və yenidən qurulması layihəsini başa vurmuşuq. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bu günlərdə saytınızda şirkətimizin Albaniyada gördüyü işlər barədə videosüjet də paylaşılmışdı. Həmin videosüjet Albaniya televiziyası tərəfindən hazırlanıb, bu ölkənin baş naziri onu özünün Facebook səhifəsində paylaşıb.

Bu Balkan ölkəsində İşlər 2018-ci ildə başlayıb və bu ilin fevralında yekunlaşıb. Almaniya İnkişaf Banki terefinden maliyyələşdirilən layihə Durses şəhərindən cənub-şərqdə həyata keçirilib, minlərlə sakinin yeni su təchizatı sistemi qurulub.  Bu layihədə də işləri yüksək keyfiyyətlə görüb başa vurmuşuq.

O cümlədən "Akelik Group” Ukraynada bir neçə infrastruktur layihələrini-Kiyevin İvan Lepse bulvarının yol oturucusunun əsaslı təmiri, Belaya Tserkov şəhərində dəmiryol xətti üzərindən keçən yol ötürücüsünün əsaslı təmiri, Jitomir şəhərində qazanxana-istilik şəbəkələrinin yenidən qurulması,  Dnepr şəhərində büdcə təşkilatlarının binalarının termo-modernizasiyası layihələrini həyata keçirir. O cümlədən müxtəlif maliyyə qurumlarının maliyyələşdirdiyi digər layihələri icra etməkdədir.

- Belə məlum olur ki, "Akelik Group” Azərbaycanın inşaat şirkətləri arasında xarici bazarlarda özünə mövqelər qazana bilən, beynəlxalq maliyyə institutları ilə tərəfdaşlıq şəraitində iri layihələr həyata keçirən azsaylı şirkətlərdən biridir. Bu ciddi nailiyyət hesab edilə bilər. Nəyin hesabına bu cür reputasiya əldə edə bilmisiz?

-Hesab edirik ki, bizim kollektivimizin indiyədək qazandığı uğurlar hədəflədiyimiz uğurların cüzi qismidir, biz bundan sonra daha ciddi nailiyyətlər qazanmağa, yüksək keyfiyyətli iş görməyə, xarici bazarlarda sərt rəqabətə tab gətirməyə qadir olan Azərbaycan şirkəti olaraq daha çox tanınmağa çalışacağıq.

Kollektivimizin son 5 il ərzində xarici ölkələrdə qazandığı təcrübə, müxtəlif ölkələrdə, fərqli şəraitlərdə həyata keçirdiyimiz layihələrin idarə edilməsində qazandığımız peşəkarlıq daha böyük layihələr həyata keçirməyimizə imkan yaradır. O cümlədən beynəlxalq maliyyə institutları qarşısında indiyədək qazandığımız müsbət reputasiya bizə geniş perspektiv imkanlar açır. Əlbətdə, bu reputasiya ancaq işlərin keyfiyyətlə və vaxtında yerinə yetirilməsi sayəsində yaranıb.

-Məlumdur ki, Çin şirkətləri Orta Asiya respublikalarında çox fəaldır və ciddi rəqabət mühiti yaradır. Bu baxımdan Orta Asiya bazarında Çin şirkətləri ilə rəqabət aparmaq Azərbaycan şirkəti üçün nə dərəcədə mümkün olur?

-Həqiqətən Çin şirkətləri nəinki Orta Asiyada, eləcə də digər ölkələrdə çox fəaldır. 5 illik fəaliyyətimiz ərzində qatıldığımız tenderlərdə bunu müşahidə eləmişik ki, dünya bazarında bütün infrastruktur layihələri tenderlərində 30-a yaxın Çin şirkəti iştirak edir. Bu şirkətlərin əsas səhmdarı Çin dövlətidir və hamısı bir mərkəzdən idarə olunur. İstər Asiya, istər Avropa və ya Afrika ölkələrində Çin dövlətinin bu şirkətlərə böyük siyasi dəstəyi var.

Bundan əlavə biz təcrübəmizdən, apardığımız müşahidələrdən çıxış edərək deyə bilərik ki, Dünya Bankı başda olmaqla əksər beynəlxalq maliyyə institutlarına çinlilərin böyük təsir imkanları var. Hətta bir çox hallarda bu institutlar çinlilərlə ortaq hərəkət edir. Belə vəziyyətdə bizim şirkətimizin və bənzər bu kimi şirkətlərin yeganə üstünlüyü yüksək keyfiyyətli iş görməsidir. Deyə bilərəm ki, Çin şirkətləri ilə müqayisədə Türkiyə , Avropa Azərbaycan və s. ölkələrin şirkətləri daha keyfiyyəti iş görürlər. Bu da layihələri sifariş  verən ölkələrdə yerli hökumət və qeyri-hökumət strukturlarının diqqətindən kənarda qalmır.

Son 3 ildə dünyanın bir çox ölkələrində, əsasən də Orta Asiyada Çin şirkətlərinə qarşı müəyyən inamsızlıq yaradıb. Bu da öz növbəsində digər ölkələrdən, o cümlədən Azərbaycandan olan şirkətlərə özlərini təsdiq edə bilmək üçün imkanlar açır.

-Təkcə hökumət tenderlərinə ümid bəsləyən inşaat şirkətlərinin bir çoxunun Azərbaycanda bir neçə il əvvəl yaranmış iqtisadi çətinliklər zamanı faktiki olaraq sıradan çıxdığı məlumdur. Bu baxımdan şirkətinizin təkcə inşaat sektoru ilə məhdudlaşmayıb Azərbaycanda qeyri-neft sektorunun sigər sahələrinə də istiqamətlənmək planları varmı? Bu sahədə hansı perspektiv layihələriniz, ideyalarınız var?

-Şirkətimiz 2015-ci ildən qonşu ölkələrdə keçirilən tenderlərdə iştirak etməyə başlayıb və 2016-cı ildən artıq real layihələr həyata keçirməyə başlamışıq. 2018-ci ildən isə Dünya Bankının inteqrasiya proqramı çərçivəsində apardığımız diskussiya nəticəsində beynəlxalq maliyyə institutları üçün prioritet hesab olunan ətraf mühit və sosial sahələrdə layihələrin hazırlanması, həyata keçirilməsi üzərində çalışırıq. Məsələn, dünyada son dövlər tullantılardan enerji alınmasına yönəlmiş bir çox layihələr mövcuddur. "Akelik Group” şirkəti isə dünyada olan mövcud təcrübəni və yenilikləri təhlil edərək bu gün üçün çox aktual olan layihə işləyib hazırlayıb. Bu layihə tullantıların enerjiyə və hazır məhsula çevrilməsini özündə əks etdirir,  bir çox ekoloji və sosial problemlərin eyni vaxtda həllini nəzərdə tutur. (Müsahibimiz bu layihənin detalları, əhəmiyyəti barədə daha geniş məlumatları saytımıza təqdim etməyə söz verdi,-müəl.)

 -Bəlli olduğu kimi prezident İlham Əliyev tərəfindən qeyri-neft iqtisadiyyatına keçid strategiyası elan edilib və bu istiqamətdə son illərdə geniş islahatlar həyata keçirilib. Nəticədə qeyri-neft sektorunda çalışan yerli şirkətlər üçün yeni imkanlar, o cümlədən xarici bazarlara çıxış imkanları yaranıb. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan şirkəti olaraq bu islahatların daha da dərinləşdirilməsi baxımından hansı təklifləriniz, təşəbbüsləriniz var?

-Həqiqətən ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında son illər çox mühüm iqtisadi islahatlar həyata keçirilir, o cümlədən şəffaflığın təmin edilməsi yönündə ciddi dönüş baş verir. Aparılan islahatlar mal və xidmətlər ixrac edən Azərbaycan şirkətləri üçün xarici bazarlara çıxış, sərt bazar şərtləri daxilində rəqabətə tab gətirə biləcək səviyyədə keyfiyyətli mal və xidmətlər təklif etmək üçün yaxşı imkanlar açır.

Azərbaycanda cənab prezident tərəfindən qeyri-neft iqtisadiyyatının inkişafına, kiçik və orta sahibkarlığa dəstək verməyə yönəlmiş bir sıra proqramlar qəbul edilib. İstərdik ki, nisbətən iri, özəl biznes subyektlərinin inkişafına yönəlmiş proqramlar da işlənib hazırlansın. Çünki bütün dünyada ölkənin ixrac potensialını artıran, xarici ölkələrdə təmsil olunan əsasən iri biznes subyektləridir. Bayaq qeyd etdiyim ki, Çinin 30-a yaxın iri inşaat şirkəti xarici bazarlarda təmsil olunur, onlar ölkələri üçün ciddi ixrac potensialına malikdir.

İri biznes subyektlərinə dəstək proqramı əslində kiçik və orta sahibkarlığın da inkişafına dəstəkdir.  Təkcə onu deyim ki, 2019-2020-ci illərdə bizim şirkətin xarici ölkələrdəki nümayəndəliklərinin sifarişləri əsasında Azərbaycandan milyonlarla dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da iqtisadiyyatın qeyri-neft sektorunun digər sahələri, o cümlədən həmin məhsulları ixrac edən biznes subyektləri üçün dolayısı dəstəkdir. Biz hər zaman iqtisadiyyatımıza töhfə vermişik və bundan sonra da əlimizdən gələni etməyə, bütün potensialımızı ölkəmizin inkişafına yönəltməyə hazırıq.

Sonda iş adamı olaraq saytınız vasitəsilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son xain təcavüz əməli barədə müraciət edərək bildirmək istəyirəm ki, düşmənin bu məkrli planları qarşısında hamımız, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Prezident və Ali baş komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik. Düşmənə öz birliyimizi, xalqın öz lideri ətrafında birləşdiyini nümayiş etdirməyin vaxtıdır və Ermənistan, ona dəstək verənlər bilməlidir ki, hər bir azərbaycanlı öz torpaqlarını qorumaq üçün döyüşə atılmağa hazırdır. O cümlədən biz, kollektivimizin üzvləri...

Müsahibəni apardı: Fərhad Məmmədov

Xəbər lenti