Səbuhi Abbasov: "Prezidentin övladlarının adına açılan bəzi saxta səhifələr təxribatdır"

Səbuhi Abbasov:
Sosial şəbəkələrdən istifadə genişləndikcə saxta profillərin də sayı artır. Hazırda qlobal şəbəkədə saxta hesablar, saxta səhifələr çoxdur. Mütəxəssislərin dediyinə görə, saxta feysbuk səhifələri və profilləri müxtəlif məqsədlər üçün yaradılır. Kimisi özünün maraqlarını, hobbisini paylaşmaq istəyir. Bu yolla o, gizli şəkildə özünün real olan digər həyatını göstərmək istəyir.

Həmin şəxs düşünür ki, əgər bunları öz adı ilə etmiş olsaydı, ətrafı tərəfindən yaxşı qarşılanmazdı. Kimisi də özünün ictimai-sosial statusundan ehtiyatlanaraq saxta-başqa ad altında feysbuk səhifəsi açır. Biznes məqsədilə açılan milyonlarla saxta səhifələr var ki, onlar saxta "layk" toplamağa xidmət edir. 

Son zamanlar isə dövlət rəsmilərinin, vəzifəli şəxslərin  adından saxta profillər hazırlayıb, onların yerinə açıqlamalar yayan dələduzların əhatə dairəsi genişlənib. 

Tanınmış ziyalıların, ictimai xadimlərin, dövlət rəsmilərinin adından yaradılan saxta səhifələr isə onların ictimai nüfuzuna xələl gətirməklə bərabər, həm də cəmiyyəti çaşdırır. Bu tipli saxta profillər rəsmi şəxslərin sosial şəbəkələr vasitəsilə cəmiyyətlə ünsiyyətinə yaradılan kobud maneədir və ona heç bir halda bəraət qazandırmaq olmaz. Məqsədyönlü şəkildə başqa şəxslərin adına olan səhifələrin dublikatını yaratmaq, onların adından yalan informasiyalar yaymaq, böhtan və təhqirlə məşğul olmaq, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmaq yolverilməzdir və ciddi məsuliyyət doğurur.

"Məsələyəmünasibət bildirən 7NEWS.az saytının rəhbəri, internet-media ekspert Səbuhi Abbasov "Sherg.az”a açıqlamasında bu bəlanın dünyanın hər yerində, bütün ölkələrində olduğunu deyib: 

"Sosial şəbəkələrin yaradılması əslində medianın fərdiləşməsinə hesablanmış addım idi. Artıq hər kəs istədi-istəmədi medianın bir subyektinə çevrilibdir. Bu faktor sosial şəbəkələrin gücünü daha da artırır, xeyiri ilə bərabər zərərləri tərəflərini də cəmiyyətimizə daşımış olur. Bilirsiniz ki, Azərbaycan media azadlığını hərşeydən üstün tutur. Bu mənada ölkəmizdə sosial şəbəkə istifdəçiləri də bu azadlığın, bir çox hallarda, qurbanına çevrilirlər.

Ölkəmizin 20 faiz torpaqları işğal olunub və bu faktorun özü hər bir vətəndaşın üzərinə ciddi məsuliyyət qoyub. Həm aprel, həm də iyul müharibələrində biz, düşmənin sosial mediadan hansı formada istifadə etməsini müşahidə edə bildik: ermənilər azərbaycanlı adı ilə yüzlərlə profil yaratdılar. Eyni zamanda, xaricdə qərarlaşan insanlar ölkənin nüfuzlu adamlarının adına saxta profillər açaraq öz niyyətlərini həyata keçirməyə çalışdılar. Bəzən isə adi kommersiya məqsədi ilə, sadəcə öz sosial şəbəkə səhifələrinin "user”lərini artırmaq üçün saxta profillər, "page”lər yaratmağa başladılar.

Bütün bunlar təhlükəli tendensiyalardır. Daxili işlər naziri Vilayət Eyvazovun, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyevanın, Arzu Əliyevanın və digər önəmli şəxslərin adına açılan saxta profillər sırf siyasi və sosial manipulyasiya, çaşqınlıq yaratmaq məqsədi ilə reallaşdırılır. Ümumiyyətlə, Prezidentin övladlarının adına açılan saxta səhifələr təxribatdır. Təəssüflə qeyd etmək lazımdır ki, bu insanlar artıq çox peşəkarlaşıblar və kütləni inandıracaq qədər ciddi paylaşımlar edirlər".

Texniki olaraq bu biabırçılıqların qarşısını almağın mümkün olduğunu vurğulayan ekspert  deyib ki,  təxminən 5 ildən artıqdır, ölkədə peşəkar mobil komandadan ibarət beyin mərkəzinin yaradılmasını təklif edirdim. Bu mərkəz bir sıra mühüm vəzifələri icra etməklə yanaşı, həm də bu kimi xoşagəlməz hadisələrin qarşısını ala bilər:

"Təbii ki, burada peşəkar reaksiya önəmlidir. Tanınmış, strateji post tutan insanların adına yaradılan səhiflərin bağlanılmasını tələb etmək olur. Bunu 2 yolla etmək mümkündür: kütləvi şəkildə şikayət və rəsmi müraciət. Hər iki forma effektivdir və real nəticəyə söykənir ”. 

Xəbər lenti