""Qarabağ Azərbaycandır!” hərəkatının əsas istinadgahı YAP gəncləri olacaq" - Amil Cavadov

Amil Cavadov,
YAP Gənclər Birliyinin Şura üzvü
 
"Qarabağ Azərbaycandır!” hərəkatının əsas istinadgahı YAP gəncləri olacaq

"Qarabağ Azərbaycandır və nida işarəsi”.

İki həftədən artıqdır ki, ölkənin hər yerində - kəndlərdə, rayonlarda, şəhərlərdə böyüklü-kiçikli hamı qürurla Azərbaycan Prezidentinin bu tarixi ifadəsini səsləndirir və artıq bu fikir devizə, hərəkata çevrilməkdədir.

Cənab İlham Əliyevin böyükdən-kiçiyə hər kəsi qürurlandıran bu bəyanatı Azərbaycan gəncliyini də səfərbər edib. Ölkənin aparıcı qüvvəsi sayılan gənclik "Qarabağ Azərbaycandır!” hərəkatının fəal dəstəkçisinə çevriliblər. Görünən odur ki, tezliklə bu hərəkat möhtəşəm sarsılmaz birlik kimi formalaşıb cənab İlham Əliyevin hücum diplomatiyasına, müstəqil və qətiyyətli siyasətinə dəstək verəcək.

Hər zaman Azərbaycan gənclərinin böyük hamisi olan cənab Prezidentin son iki həftə ərzində beynəlxalq toplantılarda səsləndirdiyi bəyanatlar həm səngərdəki əsgərin döyüş ruhunu, qələbə əzmini, həm də ölkə gəncləri arasında həmrəyliyi, milli ruhu daha da yüksəldib.

Bu gün istənilən məclisdə, toplantıda cənab İlham Əliyevin beynəlxalq forum və konfranslarda Ermənistanın işğalçılıq siyasətini ifşa edən bəyanatları müzakirə mövzusuna çevrilib. Hər kəs birmənalı şəkildə vurğulayır ki, dövlət başçısının "Qarabağ Azərbaycandır və nida işarəsi” mesajı, təkcə işğalçıya deyil, həm də beynəlxalq auditoriyaya, dünya ictimaiyyətinə və təşkilatlarına ünvanlanmış mesajdır.

Əgər diqqət etsək görərik ki, həm Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda, həm MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən toplantısında, həm də Bakıda reallaşan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə səsləndirdiyi fikirləri, bəyanatları ilə Prezident İlham Əliyev Ermənistanın dövlət siyasətinin faşizmə dəstək verən işğalçı, terorrçu siyasət olduğunu dünyaya nümayiş etdirdi.

Öncə cənab Prezident Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altında saxladıqları Dağlıq Qarabağla bağlı 3 ay ərzində verdiyi bəyanatlara, o cümlədən "qərar Azərbaycan, Ermənistan və Qarabağ xalqları üçün qəbuledilən olmalıdır” sərsəm iddiasına "Qarabağ Azərbaycandır və nida işarəsi” fikri ilə tutarlı cavab verdi. Siyasətdə naşı, sərsəm bəyanatları ilə ad çıxarmış Paşinyanın replikalarına təmkinlə reaksiya verən cənab İlham Əliyev özünün yüksək mədəniyyətə sahib olduğunu Rusiyada bir daha hər kəsə göstərdi. Xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığına sahib olan Azərbaycan Prezidenti Ermənistan baş nazirinin sözlərinin, doğrudan da sayıqlama olduğunu, həddini aşdığını dəqiqliklə əsaslandırdı. Bəlkə də N.Paşinyanın özü orada olsaydı belə, etiraz etməyə söz tapmayacaqdı.

Cənab İlham Əliyevin vurduğu tərs şillədən hələ tam ayılmayan Ermənistanın baş naziri cəmi bir həftə sonra Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında daha bir zərbə aldı. Bu dəfə Azərbaycan Prezidenti dünyanın diqqətinə çatdırdı ki, Ermənistan faşizmi dövlət səviyyəsində təbliğ edir. Faşizmə dəstək verən erməniyə abidə ucaldan Ermənistan Azərbaycanla bağlı da faşist siyasəti yürüdür. Ona görə də bu ölkəyə dəstək olmaq faşizmə, nasizmə dəstək olmaqdan başqa bir şey deyil. Bununla da cənab Prezident Azərbaycanın indiyədək apardığı mübarizəni işğalçı dövlətin terror rejiminə qarşı mübarizə kimi qiymətləndirdi. Azərbaycan Prezidentinin söylədiyi fikirlərə N.Paşinyanın seyrçi mövqe nümayiş etdirməsi isə cənab İlham Əliyevin söylədiklərinin həqiqət olduğunu dünyaya nümayiş etdirdi.

Cəmi 4 gün sonra Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə isə Azərbaycan Prezidenti bir daha Ermənistanın işğalçı siyasətini türk dünyasına bəyan etdi və eyni kök, eyni soydan olan ölkələrə səslənərək bildirdi ki, dünya müsəlmanları üçün müqəddəs olan məscidləri dağıdan Ermənistan müsəlman ölkələri ilə dost ola bilməz. Dinimizə qarşı edilən bu vandallıq Ermənistanın islamofob xislətini nümayiş etdirir.

Prezident İlham Əliyevin bu bəyanatlarını birmənalı şəkildə dəstəkləyən ölkə əhalisinin münaqişənin həllinə əminlik hissini daha da möhkəmləndirdi. Çünki bu mesajlar Azərbaycanın dəyişməz mövqeyinin real təzahürü idi. Hər kəs dövlət başçısı ilə qürur duydu və xalq bir daha əmin oldu ki, cənab Prezidentin işğal altında olan torpaqlarımızın geri qaytarılması istiqamətində apardığı qətiyyətli siyasəti dəyişməzdir.

Əlbəttə ki, Prezidentin hər üç qətiyyətli bəyanatı, Ermənistan hakimiyyətinin yürütdüyü siyasəti ifşa edən fikirləri istər ölkədə, istərsə də Azərbaycandan kənarda olan hər bir gənc üçün əsl örnək və nümunədir. Yaşadığı məkandan asılı olmayaraq istənilən gənc ermənilərin saxta iddialarına, təxribat xarakterli bəyanatlarına həmişə cənab Prezident kimi belə kəskin cavablar verməli, onları susdurmalıdır. Azərbaycan gəncliyi dövlət başçısının müdrik xarici siyasətindən nümunə götürməli, erməni təxribatına qarşı ciddi mübarizə aparmalıdır.

Əminliklə deyə bilərəm ki, hər zaman Prezident İlham Əliyevin mütərəqqi, qətiyyətli siyasətinə dəstək olan, Azərbaycanın davamlı, dayanıqlı inkişafına öz töhfəsini verən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri yeni yaranan "Qarabağ Azərbaycandır!” hərəkatının ən fəalları olaraq hərzamankı kimi ön cərgədə irəliləyəcəklər. Prezident İlham Əliyevin ətrafında sıx birləşən YAP gəncləri bu hərəkata öz töhfəsini vermək üçün əllərindən gələni əsirgəməyəcəklər.
 
 
LOBBİ.Az

Xəbər lenti