Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!

Mingəçevir Dövlət Universitetində İT sənayesinə transformasiya edən trendlərin tətbiqi güclənir!
Bu gün İnformasiya texnologiyaları sferası bu qədər sürətlə inkişaf etməsəydi, əlbəttə ki, adaptasiya olduğumuz müasir rəqəmsal ekomühitimiz olmazdı. 20-ci əsrin sonlarından bu günə qədər bu sektorda sözün əsl mənasında inqilabi sıçrayış baş verib. Ətrafımıza nəzər salmaqla müasir trendlərin, məsələn, Bulud hesablama texnologiyaları, Mobil android proqramları, Big Data texnologiyaları, Süni intellekt, Ağıllı Texnologiya, Virtual Reallıq (metavers cihazları), Blockchain texnologiyaları, Kibertəhlükəsizlik, IoT texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə tətbiqinin və inkişafının həm müşahidəçiləri, həm istifadəçiləri, həm də yaradıcılarıyıq. Sonuncu ifadəni təsadüfdən qeyd etmədim. Məhz rəqəmsal və avtomatlaşdırılmış texnologiyaların inkişafında bir başa imzasını atmış dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə olmuşdur.
 
Məlumdur ki, hər evdə fərdi kompüterlər, noutbuklar, smartfonlar, mobil qurğulardan və eyni zamanda planetin istənilən nöqtəsinə böyük həcmdə məlumat ötürmək və kommunikasiya əlaqələri yaratmaq üçün simsiz və simli şəbəkə texnologiyalarından geniş istifadə olunur. Bu istifadəçi auditoriyasının 70 fazini də məhz gənclər təşkil edir. Əminəmki, bu texnologiyaların işləmə prinsipi, funksionallığı gənc istifadəçi auditoriyasının maraq dairəsini əhatə edir. Təsadüfi deyil ki, startap ideyalar, bu günlərdə uğurla reallaşdırılmış Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində Teknofest festivalı ölkəmizin potensiallı, savadlı, bacarıqlı gənc tədqiqatçılar auditoriyasının olmasından xəbər verir. Bu çox fəxarətli və qürurverici bir hissdir. Bundan başqa son dövrlərin statistik məlumatlarına əsasən həm peşə, həm Ali təhsil müəssisələrində bakalavrlar və ikinci təhsil almaq istəyən vətəndaşların çoxu məhz İT sahələrini əhatə edən ixtisasları seçirlər. Bunun da əsas səbəblərindən biri İT texnologiyalarının tətbiq sahələrinin genişlənməsi və bu sahənin mütəxəssislərinə verilən əmək haqqının yüksək olması ilə bağlıdır.

Son 10 ildə dünya miqyasında iqtisadiyyatın ənənəvi sektorları inkişaf tempinə görə İT sənayesindən xeyli geri qalır. Ona görə də    İT inkişaf etmiş ölkələrin maraq dairəsinə səbəb olmuşdur. Ölkəmizdə də bu sahəyə maraq Ulu öndər H.Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar və dövlət proqramları, Strateji Yol xəritələrinin tətbiqi nəticəsində "Azərbaycanın qara qızılının insan qızılına çevrilməsi təşəbbüsü”,  insan potensialının inkişafı və möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin uğurla reallaşdırılması ilə artmışdır. Bu da İT sənayesinin əsas göstəricisinin məhz insan amili olmasından irəli gəlir. E-dövlət, Asan xidmət layihələri və s. bu istiqamətdə həyata keçirilən insan-maşın interfeysinin ən ali səviyyəsini nümayiş etdirir. 

İT fəaliyyətinin nəticəsi verilənlər bazası, proqram təminatı və xidmətlər, aparat və daha çox formatda istehlak olunan informasiya məhsulları olub, fəaliyyət sahələri üzrə emal olunan informasiya və bilik ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. Bu tip texnologiyaların əsas istehsalçıları – ABŞ, Almaniya, Yaponiya, Tayvan və Cənubi Koreya, Hindistan  kimi ölkələr ön sırada yer alırlar. Texnologiya bazarında İT məhsullarına tələbi müəyyən edən amillərə aşağıdakıları aid etmək olar: dinamik, daim yenilənən biliklər bazalarının formalaşması; keyfiyyət və qiymət nisbəti; dövlət dəstəyinin olması; standartlaşdırma və sertifikasiya.

Şübhəsiz ki, İT sənayesinin qarşıya qoyduğu əsas məqsədlər qazanc əldə etməklə yanaşı, təbii ki, insana daha rahat həyat şəraitinin yaradılması və həyatının düzənlənməsidir. Əvvəllər real vaxt rejimində uzaq məsafələrlə əlaqə saxlamaq mümkün deyildi, çoxlu sayda elektron naviqasiya, təhlükəsizlik və digər sistemlərlə təchiz olunmuş portativ kompüterlər və avtomobillər yox idi. Yalnız informasiya texnologiyalarının həyatımıza nələr gətirdiyini ciddi düşünəndə bu hadisənin miqyasını və əhəmiyyətini dərk edirsən.Ona görə də Respublikada İT bazarının mövcud durumu və artan templə inkişafı əmək bazarının formalaşmasına kifayət qədər təsir etmək gücünə malikdir və digər sahə mütəxəssisləri üçün də İT-dən istifadə məsələsi artıq zəruri şərtə çevrilmişdir.

Bizim Doğma universitetimizdən də bu sahənin inkişafı yan keçməyib. Belə ki, ölkə rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıq və vəzifələri layiqincə yerinə yetirmək üçün 31 iyul 2019-cu il tarixində Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilir. Bax elə bu andan Univesitetin regionda tutduğu mənzərə sürətlə dəyişməyə başlayıb. Cənab Rektorun ilk çıxışından bir fraqment: "Əsas məqsədimiz regionda yerləşən ali təhsil müəssisəsini paytaxt universitetləri səviyyəsinə çatdırmaq, eləcə də MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına töhfələr verməsini təmin etməkdən ibarətdir”. Bu hədəflərə çatmaq üçün universitetdə müasir, şəffaf, əlçatan və çevik idarəetmə texnologiyalarının tətbiqinə start verildi.
Əməkdaşların sosial rifahının yaxşılaşdırılması

Ölkə başçısının tapşırıqlarına və cənab Rektorun əmrinə əsasən universitet əməkdaş­larının sosial vəziyyətinin yaxşılaş­dırıl­ması daim diqqət mərkəzində saxlanılaraq, 3 tədris ili ərzində əməkhaq­larında 2 dəfə əhəmiyyətli artım edildi.

Elmi-tədqiqatların məzmununa yeni baxışın formalaşdırılması

Universitetdə elmi tədqiqatların məzmununu təkmilləşdirməyi, nəticəyönümlü və ölçüləbilən elmi fəaliyyətin təşkilini reallaşdırmaq üçün əməkdaşlar "Beynəlxalq elmi jurnallarda məqalələrin yazılması” mövzusunda təlimlərə cəlb olundu.  Universitetin doktorantları və gənc tədqiqatçılarının müxtəlif Respublika və Beynəlxalq Konfranslarda iştirakına dəstəyin gücləndiriməsi, müxtəlif mövzular üzrə elmi seminar və vebinarlarda iştirakın təmin edilməsi bu sahənin canlanmasına səbəb oldu.  Bu təlimlərin nəticəsi olaraq  2019-2022-ci illər ərzində MDU əməkdaşlarının "Web of Science” bazasında indekslənən elmi nəşrlərdə dərc olunan məqalələrinin sayında artım müşahidə olunur. Daha sonra "Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzi”nin yaradılması barədə qərar qəbul edilməsi dayanıqlı inkişaf mövzusunun universitetin elmi fəaliyyətinin prioritet­lərindən olduğunu bir daha təsbit etmişdir. Universitetin "Dayanıqlı inkişaf” jurnalının işıq üzü görməsi və AAK tərəfindən təsdiq olunması tədqiqatçıların elmi araşdırmalarını daha keyfiyyətli formada aparmasına şərait yaratmışdır.
Yerli və Xarici əməkdaşlıqların formalaşdırılması

Qarşıya qoyulan hədəflərə çatmaq və MDU-nu yeni dövrün tələblərinə uyğun ali təhsil müəssisəsinə çevirmək məqsədilə nəinki ölkəmizin, hətta xarici ölkələrin qabaqcıl universitetləri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına cənab Rektorun xüsusi önəm verməsi bizlərin daha əzmlə çalışmasına motivasiya verib. Bu konseptin reallaşdırılması istiqamətində ilkin mərhələdə 2019-2020-ci tədris ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texniki Universiteti ilə Anlaşma memorandumları imzalanmış və potensial əməkdaşlıq istiqamətləri razılaşdırılmışdır. 2020-2021-ci  və 2021-2022-ci tədris illərində universitetin Erasmus+ proqramında fəal iştirakı davam etdirilmiş, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti və KTO Karatay Universiteti, eləcə də Ukraynanın Kiyev Milli İqtisadiyyat Universiteti ilə işbirliyi inkişaf etdirilmiş, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və İstanbul Gedik Universiteti ilə əməkdaşlığa başlanılmışdır. 2021-ci ilin dekabr ayında MDU Çində fəaliyyət göstərən Kəmər və Yol Universitet Alyansına üzv qəbul edilmişdir. Qeyd olunan əməkdaşlıqlar və əldə olunan uğurlar məhz Rektorumuzun əzmlə durmadan çalışmasına dəlalət edir. Anlaşma Memoran­dumu çərçivəsində Azərbaycan Texniki Universiteti, Qazi universitetinin müvafiq kafedraları ilə birgə  İT infrastrukturunun inkişafı istiqamətində müxtəlif seminarlar təşkil olunmuş və bu seminarlarıda əməkdaşların iştirakı onların müvafiq istiqamətlər üzrə bilik və bacarıqlarının təkmilləşməsinə səbəb olmuşdur. Hər tədris ilində 2 dəfə təşkil olunmaqla İKT sahəsi üzrə təlimlərin və kursların keçirilməsi də daim diqqət mərkəzindədir.

"Universitet-Peşə məktəbi-Sənaye”  əməkdaşlığına xüsusi önəm verilməsi

"Universitet-Peşə məktəbi-Sənaye”  əməkdaşlığı çərçivəsində Mingəçevir Peşə məktəbi, Bərdə Peşə Məktəbi, Texnologiya parkları ilə İT sahələrinin inkişafı üzrə sıx əməkdaşlıqlar edilir.
Startap fəaliyyətinin dəstəklənməsi

Startap fəaliyyətinin dəstəklənməsi gənc əməkdaşlar və tələbələr arasında elmi araşdırmalar, yeni ideyaların yaranması, onların layihə şəklinə salınması istiqamətində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur. Məhz bunun nəticəsi olaraq İnnovasiyalar agentliyi ilə faydalı əməkdaşlıq çərçivəsində müxtəlif mövzularda faydalı təlimlər, kurslar təşkil olunmuşdur. Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "Innoland” İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilən "Virtual Hackathon–2020” layihəsində tələbələrimiz 4-cü yerə layiq görülmüşdür. "Aquahack” hakaton yarışmasında "Artificial irrigation” layihəsi təşkilatçılar tərfəindən bəyənilmiş və müvafiq avadanlıqla təmin edilmişdir.

İT ekosistemin formalaşdırılması

Pandemiya dövründə İT sahəsinin ön plana çıxması, online və offline dərslərin, online imtahan modelinin yüksək səviyyədə səmərəli təşkili, onlayn alətlərdən istifadəyə diqqətin artırılması və bu sahənin ortaya qoyduğu imkanlar cənab Rektorun diqqətindən yayınmamışdır və bizlərlə görüşlərdə İT sektorunun həm kadr hazırlığına, həm də elmi tədqiqat fəaliyyətininin təkmilləşdirilməsinin və gücləndirilməsinin Ali təhsil məkanında prioritet istiqamətlərdən biri olduğunu xüsusi olaraq qeyd etmişdir.

Cari tədris ili İnformasiya texnologiyaları kafedrası üçün çox məhsuldar və faydalı olmuşdur. Kafedra üzrə təqdim olunan 2 layihə uğur qazamışdır. Beləki, kafedramızda  Qazi Universitetinin professoru  E.Yılmaz elmi-pedaqoji fəaliyyətə başlamışdır. Bu müddət ərzində professor E.Yılmazın rəhbərliyi ilə Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində "Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi qalib olmuşdur. Kafedranın gənc əməkdaşı E.Muradzadə və İqtisadiyyat və idarəetmə fakültəsinin gənc əməkdaşı N.Əzizlinin təmsil etdiyi "Agrinova” komandası Bakı Qida Hakatonunun qalibi olmuş və 5000 avro məbləğində pul mükafatı qazanmışdır. 2022-ci ilin martın 21-dən 27-dək kafedra müdiri Aidə Mustafayeva və baş müəllimi Asudə Abdurrahmanova Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə Türkiyədə səfərdə olublar. Səfər Təhsil Nazirliyinin "Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan Universitetinin qalib olduğu "İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil edilib. Səfər çərçivəsində  ODTÜ-də "İnsan-maşın interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olub, "Kompüter mühəndisliyi” kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər. Kafedranın bir neçə əməkdaşı "Gələcək üçün bacarıqlar” layihəsində uğurla iştirak edir, təşkil olunan təlimlərdən faydalanırlar. SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə "IBM Cybersecurity Analyst Professional Certificate” and "Google Data Analytics Professional Certificate” peşəkar inkişaf proqramında, Universitetin ilk beynəlxalq elmi konfransında, Azərbaycan Texniki Universitetinin (AzTU) evsahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Demirel Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə "Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransda, "TEKNOFEST Azərbaycan” festivalında kafedra əməkdaş­larının fəal iştirakı təmin olunmuşdur. Buradan da belə bir nəticəyə gəlmək olar ki, modernləşmə mərhələsində olan MDU-da tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin edilməsinə xüsusi önəm verilir.
Son 3 tədris ili ərzində kafedranın nəzdində 2 tədris laboratoriyası fəaliyyətə başlamışdır. İnformasiya texnologiyaları laboratoriyası Universitetin daxili imkanları hesabına yaradılmışdır.
Kibertəhlükəsizlik laboratoriyası isə Təhsil Nazirliyinin  qrant müsabiqəsində "Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılmışdır.
İT sahəsində əldə edilən yeniliklər, uğurlar, məhz cənab Rektorun böyük dəstəyi və qayğısı sayəsində baş tutmuşdur. Bu məqsədlə cari tədris ilinin payız semestrində İnformasiya texnologiyaları fakültəsinin yaradılması haqqında müvafiq qərar qəbul olunmuşdur. Fakültədə İnformasiya texnologiyaları ixtisası ilə yanaşı iki yeni İnformasiya təhlükəsizliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı planlaşdırılır. Fakültədə fəaliyyət göstərən əməkdaşların bu istiqamətlər üzrə ixtisaslaşması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadə etməklə səriştə və bacarıqların artırılması istiqamətində 5 illik strateji hədəflər və islahatların hazırlanması üzərində gərgin işlər aparılır.

Beləliklə, fikrimi cənab Rektorun ilk gündən səsləndirdiyi bir şüarla yekunlaşdırmaq istərdim: "Elə etməliyik ki, ölkəmizdə İnformasiya Texnologiyaları dedikdə, ilk öncə ağıla Mingəçevir Dövlət Universiteti gəlsin”! Bax bu şüar bizləri sanki yenidən düşünməyə vadar edib. Bir İT mütəxəsisi olaraq Cənab Rektorun çağırışına və qoyduğu tələblərə cavab vermək üçün əlimizdən gələni etməyə hazırıq. Cənab Rektorun cəsarəti və əzmi bizləri cəsarətli, güclü olmağa, eyni zamanda öz fikirlərimizi, ideyalarımızı qorxmadan, çəkinmədən rahat ifadə etməyə və həyata keçirməyə imkan verir. İstedadlı kadrların üzə çıxmasına şərait yaradan, təhsilini, ölkəsini, xalqını hər şeydən artıq sevən bir şəxsiyyətin niyə yanında olmayaq ki? Həmişə Var OLUN! Biz İT ORDUSU olaraq HƏMİŞƏ SİZİN YANINIZDAYIQ!

Aidə Mustafayeva

İnformasiya texnologiyaları kafedrasının müdiri

Xəbər lenti