"Karabakh İs Azerbaijan!" milli platforması beynəlxalq platformaya çevrilir

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 fevral tarixli Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi "Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər" fikirlərə əsaslanaraq "Azərbaycan Diaspor Könüllüləri" adlı yeni proqrama başlayıb. Milli.Az-ın müsahibi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, Azərbaycan Diaspor Könüllüləri ilə iş üzrə koordinatoru Bəxtiyar Rəhimovdur. 

- Xoş gördük Bəxtiyar müəllim. Bildiyimiz kimi  ötən il "Azərbaycan Diaspor Könüllüləri proqramı"na start verildi. Diaspor Könüllüləri ilə iş üzrə koordinator kimi  gəncləri könüllülük fəaliyyətinə cəlb etmək sizin üçün çətin olmadı ki?

- Bu məsələyə diqqət ayrıdığınız üçün təşəkkür edirəm.  Bu günə qədər 1250-dən çox gənc Azərbaycan Diaspor Könüllülüsü olmaq üçün müraciət edib. Komitədə onlarla mərhələli şəkildə görüşlər təşkil edilib, qruplara bölünərək könüllülük fəaliyyətinə cəlb olunublar. Buna görə Diaspor Könüllüsü olmaq istəyən gəncləri bu fəaliyyətə cəlb etmək düşünürəm ki, çətin olmadı.  Çünki, bizim məqsədimiz vardı, onların isə marağı.

Gənclərlə işləmək həm məsuliyyətli,  həm çətin, həm də şərəfli işdir. Hər bir gəncə fərdi yanaşma lazımdır. Fərqli yanaşmaları, fərqli psixologiyaları var. 

- Qısa müddət ərzində Diaspor Könüllüləri Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün bir sıra işlər görüblər. Xahiş edirəm bu istiqamətdə görülmüş işlər barədə oxucularımıza da məlumat verin.

- Qarabağ məsələsi hər bir azərbaycanlı üçün bir an belə yaddan çıxmayan bir məsələdir. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə bəyan edilməsi Azərbaycan dövlətinin siyasətində priorotet təşkil edir. Ölkə rəhbəri möhtərəm İlham Əliyev tərəfindən müxtəlif beynəlxalq tədbirlərdə Qarabağın Azərbaycanın tarixi ərazisi olduğu ilə bağlı səsləndirdiyi cəsarətli və sərt bəyənatlar, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq kampaniyası və s bunu bir daha təsdiq edir. Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra orqanı kimi Diasporla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən birini də məhz Azərbaycan həqiqətlərinin təbliği, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı real informasiyaları beynəlxalq ictimaiyyətə çatdırmaq təşkil edir. O cümlədən Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşlarının da keçirdikləri bütün görüşlərdə Dağlıq Qarabağ problemi, torpaqlarımızın işğaldan azad edilməsi, həqiqətlərin təbliği kimi məsələlər daim əsas xətt olub. 
Təbii ki, Diaspor Könüllüsü olan gənclərlə də keçirilən görüşlərdə, gənclərin qatıldığı təlimlərdə qeyd edilən məsələlər prioriotet olub. Bunun məntiqi nəticəsi olaraq;

- Diaspor Könüllülərinin Cocuq Mərcanlı kəndinə səfəri təşkil edilib. 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə reallaşan səfərdə məqsəd "Azərbaycan Diaspor Könüllüləri" proqramının iştirakçılarını Aprel Qəhrəmanlarının şah əsəri olan "Böyük qayıdışın başlanğıc nöqtəsi" Cocuq Mərcanlı kəndi ilə tanış etmək olub;

- 9 noyabr Bayraq günündə Diaspor Könüllüləri müxtəlif aksiyalar təşkil edib. Xaricdə yaşayan gənclərlə bununla bağlı müəyyən videoçarx hazırlayıb və sosial şəbəkələrdə yayıblar. Azərbaycan Diaspor Könüllüləri Bakı şəhərinin Fəvvarələr meydanında 9 noyabr 2019-cu il tarixində xarici vətəndaşlara və uşaqlara Dövlət Komitəsi adından Azərbaycan Respublikasının Dövlət Bayrağını hədiyyə edib, üçrəngli bayrağımız və Dövlət Bayrağı Günü haqqında məlumatlar verib;

- XX əsrin bəşəri cinayətlər siyahısına düşmüş Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ABŞ, Almaniya, Fransa, İtaliya, İsveç, Norveç, Macarıstan, Türkiyə, Rusiya da daxil olmaqla, 50-dən çox ölkənin 10 mindən artıq deputatının elektron ünvanına Xocalı soyqırımının beynəlxalq miqyasda tanınmasını və bu faciəyə ədalətli siyasi-hüquqi qiymət verilməsini tələb edən kütləvi müraciətlər göndərilib. Müraciətlərə "Xocalıya ədalət!" kampaniyasına dair petisiyanın mətni də əlavə olunub. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş uşaqlar haqqında videoçarx hazırlanıb.
-Azərbaycan Diaspor Könüllüləri möhtərəm cənab Ali Baş Komandanın Avropanın mərkəzində işğalçı ölkənin baş nazirinə keçdiyi tarixi dərsdən ruhlanaraq "Karabakh İs Azerbaijan!" adlı YouTube kanalının yaradılmasına təşəbbüs göstərib və belə bir kanal yaradılıb. Eyni zamanda Diaspor Könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə "Karabakh is Azerbaijan! Milli platformasının yaradılması haqqında qərar qəbul edilib və platformanın tədbirlər planı çərçivəsində işlər gedir.

- Diaspor könüllüləri ölkəmizdə və xaricdə yaşayan vətənpərvər gənclərlə birlikdə facebook və twitter´də Dağlıq Qarabağ həqiqətləri, ermənilərin Qarabağda və ətraf ərazilərdə törətdikləri vəhşiliklər, hazırda cəbhədə baş verən təxribatlar haqqında, #KarabakhisAzerbaijan, #Karabakh, #StopArmenianAgression həştəqlərindən istifadə etməklə, 1000-lərlə foto, video və digər məlumatlar paylaşıblar. Ümumilikdə 100 minə yaxın paylaşım edilib. Gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14-15 iyul tarixlərində twitter.com sosial şəbəkəsində qeyd edilən həştəqlər dünya trendinə düşüb;

- Diaspor Könüllülərinin, eləcə də ölkəmizdə və xaricdə yaşayan şəbəkələşmiş vətənpərvər gənclərimizin iştirakı ilə ABŞ konqresmenlərinin, xüsusilə ermənipərəst konqresmenlərin şəxsi sosial şəbəkə ünvanlarına, emaillərinə rus, fransız və ingilis dillərində 1000-lərlə məktub ünvanlayaraq Azərbaycanla bağlı həqiqətləri təqdim edib və konqresmenləri beynəlxalq hüquq və normalar çərçivəsində  çıxış etməyə səsləyiblər.

- Diaspor Könüllülərinin təşəbbüsü ilə minlərlə gənci ətrafında birləşdirən "Karabakh is Azerbaijan!" milli platforması da yaradılıb. Bu platformanın yaradılmasında əsas məqsəd nədir? Platformanın faəliyyəti əsasən hansı istiqamətlərdə aparılır?

- Qeyd edim ki, Diaspor könüllüləri və xaricdə yaşayan gənc diaspor fəallarının birgə təşəbbüsü ilə "Karabakh is Azerbaijan!" milli platformasının yaradılması haqqında qərar qəbul edilib və platformanın tədbirlər planı çərçivəsində işlər gedir. Platformanın tərkibində "Karabakh is Azerbaijan!" Youtube kanalı, Facebook səhifəsi və qrupları, Twitter profili, İnstaqram səhifəsi, Telegram və Whatsapp qrupları və s yaradılıb. Yaxın zamanlarda bir neçə dildə fəaliyyət göstərən saytların təqdimatı keçiriləcək.

Məqsəd  Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, "Qarabağ Azərbaycandır!" ifadəsinin bütün dünyada qəbul etdirilməsi, ölkəmizdə və xaricdə yaşayan azərbaycanlı gəncləri Vətənimizin təbliğ olunmasına mütəşəkkil şəkildə səfərbər etməkdir. Ümumilikdə isə, düşünürəm ki, bu ad bütün sülhsevər, Azərbaycansevər insanları öz ətrafına toplaya biləcəkdir.  

- Qısa müddət ərzində "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq qanadının yaradılması təqdirəlayiq haldır. Ümumiyyətlə, bu platformada birləşən gənclər haqq səsimizi dünyaya çatdıra bilirlərmi?

- Bəli, "Azərbaycan Diaspor Könüllüləri"nin təşəbbüsü ilə formalaşan "Karabakh is Azerbaijan!" milli platformasının beynəlxalq bölməsi yaradılıb və xarici ölkələrin gəncləri arasında "Qarabağ Azərbaycandır!" şüarının təbliğ olunması ilə bağlı kampaniyaya start verilib. Bu məqsədlə "Xarici ölkə gəncləri də "Qarabağ Azərbaycandır! deyir" mövzusunda süjet hazırlanıb. "Karabakh is Azerbaijan" YouTube kanalında yayımlanan videoçarxda Türkiyə, Çad, Hindistan, Qazaxıstan, Makedoniya, Niderland, Banqladeş, Özbəkistan və Pakistanı təmsil edən gənclər öz doğma dillərində "Qarabağ Azərbaycandır!" şüarını səsləndiriblər. Onlar həm də Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasətini, terrorçu və zorakılıq əməllərini pisləyiblər. Azərbaycanı dəstəklədiklərini, ölkəmiz üçün ədalət tələb etdiklərini, Ermənistanın işğalçı və təcavüzkar siyasətinə dinc yolla son qoyulmasının zəruriliyini vurğulayıblar. Layihənin digər ölkə gəncləri ilə də davam etdirilməsi nəzərdə tutulur.

- Ümidvarıq ki, Platformanın fəaliyyəti davamlı olacaq. Bəs gələcəkdə platforma ilə bağlı hansı işlərin görülməsi nəzərdə tutulur?

- Plastforma vasitəsilə, hələlik azərbaycan, rus və ingilis  dillərində geniş məlumatlar, foto-video materiallar, e-kitablar, tarixi sənədlər, araşdırmalar, analitik yazılar, xarici müəlliflərin Qarabağla bağlı tədqiqat xarakterli ciddi elmi-kütləvi kitabları, müsahibələr, bir sözlə, Qarabağla əlaqədar hər şey beynəlxalq ictimaiyyətə çatdırılacaq. Eyni zamanda, bu platformanın ölkəmizin yeni nəsil nümayəndələri, 50 milyonluq soydaşlarımız və onların xaricdəki dostları, həmyaşıdları, dünyanın sülhsevər insanları üçün düzgün, həqiqi faktlara əsaslanan dəyərli bir mənbə olcağına da ümid edirik.

7News.Az

Xəbər lenti