Fransada təhsil alan məzunlar yeni təşkilat yaratdılar

Fransada təhsil alan məzunlar yeni təşkilat yaratdılar

"Azərbaycan-Fransa Məzunları” İctimai Birliyi təsis olunub. Fransada təhsil almış məzunlar tərəfindən yaradılan yeni qurumun əsas məqsədi Azərbaycanla Fransa arasında münasibətlərin inkişafına tövhə vermək, Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ həqiqətlərini Avropada yaymaqdır.

Yeni qurumun fəaliyyət istiqamətləri ilə bağlı danışan "Azərbaycan-Fransa Məzunları” İctimai Birliyi Təşəbbüs Qrupunun sədri Araz Bayramov bildirib ki, ötən həftə Fransada təhsil almış məzunlar bir araya gələrək, belə bir qurumun yaradılmasına qərar veriblər: "Bu məsələ uzun müddət idi ki, müzakirə olunurdu. Nəhayət qərar verdik ki, belə bir qurumu təsis edək”.

A.Bayramovun sözlərinə görə, hazırda Azərbaycanda onlarla Fransa məzunu olan mütəxəssis var ki, onlar müxtəlif sahələrdə ölkəmizin inkişafına tövhə verirlər:

"Yaxın günlərdə birliyin təsis konfransı keçiriləcək. Fransada təhsil alan bütün məzunları konfransa dəvət edəcəyik. İnanırıq ki, tarixi münasibətlərə malik olan Azərbaycan-Fransa münasibətlərinə öz dəstəyimizi verəcək, Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda layiqincə yaya biləcəyik”.

Lobbi.Az

Xəbər lenti