“Ermənistan tarixi abidələrimizə qarşı cinayətlər törədib” — Komitə sədri

“Ermənistan tarixi abidələrimizə qarşı cinayətlər törədib” — Komitə sədri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 3-də Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb.


DQİDK-dan LOBBİ.Az-a verilən məlumata görə, görüş zamanı Dövlət Komitəsinin sədri Azərbaycandakı sabit dini vəziyyət, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib.


Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda multikultural münasibətlərin davamlılığı, onun bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu nümunəvi dövlət-din münasibətləri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətin din siyasəti dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, eyni zamanda, xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.


Komitə sədri vurğulayıb ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. 


Azərbaycanda 35 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran M.Qurbanlı İslam təmayüllü dini icmalarla yanaşı, onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.


M. Qurbanlı söhbət zamanı qonaqları Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasəti barədə də məlumatlandırıb, bütün beynəlxalq konvensiyaların şərtlərini pozaraq tarixi abidələrimizə qarşı törədilən cinayətlərə diqqət çəkib.


Ölkəmizdə dini konfessiyalar arasındakı münasibətlərin kökündə bir-birinin dini inancı və mənəvi dəyərlərinə dərin hörmət dayandığını bildirən Dünya Baptist Alyansı adından BMT-nin Cenevrədəki daimi nümayəndəsi R.Şeyn Makneri Azərbaycanın nümunəvi tolerantlıq və multikulturalizm mühiti sərgiləməsindən məmnunluğunu ifadə edib. 


Bildirib ki, beynəlxalq ictimaiyyət və dünyəvi dövlətlər bu yanaşmanı nümunə kimi qəbul etməlidirlər.


Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılan görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib. 


LOBBİ.Az

Xəbər lenti