Döyüş bölgələrində "Smartfon"lardan istifadə nələrə yol aça bilər? – EKSPERT DANIŞDI

Döyüş bölgələrində
Məlum olduğu kimi hərbi hissələrdə əsgər və zabitlərin, eləcə də digər hərbi hissənin daimi nümayəndələrinin, valideynlərin smartfon tipli telefonlardan istifadəsi mövzusu günümüz üçün aktuallıq kəsb edir. Çünki düşmən tapdağı altında olan torpaqlarımızın geri qaytarılması və hərbi sirrin verilməməsi təhlükəsizliyi baxımından önəmlidir.

Bununla bağlı Sonxeber.az- a deputat Asim Mollazadə danışıb: "Müdafiə Nazirliyi bu məsələni araşdırmalıdır və hərbi bölgələrdə təhlükəsizliyi təmin etmək üçün müvafiq qərarlar, əmrlər verilməlidir.

Bu əmrlərin əsasında məsələ öz həllini tapmalıdır. Əsgərlərin, zabitlərin təhlükəsizlik nöqteyi- nəzərdən yeni texnologiyalardan istifadəsinin hansı formada olması ilə bağlı Müdafiə Nazirliyi müstəvisində araşdırmalar aparılmalıdır.

Xatırlatmaq istəyirəm ki, vaxtilə məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayev mobil telefona görə raketlə vurularaq öldürülüb. Bu çox ciddi məsələdir və araşdırılmalıdır. Döyüş bölgəsində bu məsələlərə diqqət artırılmalıdır. Həm valideynlər, həm də əsgərlər bu qaydalara maksimum diqqətli olmalı və düşmənə heç bir halda fürsət yaradılmamalıdır.

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli də Sonxeber.az-a danışıb:

"Bütün dünyada mövcud olan ölkələrin silahlı qüvvələlərində ağıllı telefonlardan, yəni androidlərdən istifadəyə qadağa qoyulub.
Hətta bəzi ölkələrdə buna görə ciddi cəza müəyyənləşdırilib və tətbiq olunur. Həmin telefonların lazım gəldikdə düşmən ölkənin peyk vasitələri tərəfindən rahat şəkildə yeri müəyyənləşdirilə bilir.

Bu tip telefonlardan bəzi qurğular tərəfindən onlara atılmış viruslar sayəsində informasiyalar əldə edilə bilir.

Hərbi qulluqçunun baş verə biləcək hadisəni özündən asılı olmayaraq refleks şəklində çəkməsi kimi halla baş verə bilir. Nəticədə də məlum olduğu kimi sonradan bu videogörüntülər sosial şəbəkələrə yol tapır. Sosial şəbəkələrdə görüntülər beynəlxalq təşkilatlarının, düşmən ölkənin aidiyyatı qurumlarının əlinə keçir. Onlara lazım olan bəzi məqamlar əldə olunur, lazım gəldikdə orada neqativ hal varsa digər ölkənin əleyhinə istifadə edilə bilir. Belə məqamlarda diqqətli olmalıyıq. Haqlı olduğumuz yerdə biz haqsız vəziyyətə düşə bilərik".
 
 
7News.Az

Xəbər lenti